Futbol üzrə Nigeriya milli komandasının hücumçusu İfeanyi Corc avtomobil qəzasında dünyasını dəyişib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, ölkəsinin “Enuqu Reyncers” klubunun şərəfini qoruyan futbolçunun idarə etdiyi “Infiniti” yük maşınına çırpılıb.

Qəza nəticəsində 26 yaşlı futbolçu ilə yanaşı, minik maşınındakı digər iki sərnişin də ölüb. Onlardan biri Corcun "Enuqu Reyncers"dəki komanda yoldaşı Emmanuel Oqbu olub. Avtomobildəkilər koronavirus üzündən çempionat dayandırıldığı üçün Enuqu şəhərindən Laqosa gedirmiş.

Qeyd edək ki, İfeanyi Corc "Enyimba" komandasının yetirməsi idi. O, cari mövsüm Nigeriya çempionatında 14 oyuna 5 qol müəllifi olmuşdu. 2017-ci ildən Nigeriya yığmasına dəvət alan futbolçu ölkəsinin əsas komandasında 2 oyun keçirmişdi.