Millinin yeni baş məşqçisi Arif Əsədov olacaq?
- 09 Mar 2020 17:00
- 1135
Nikola Yurçeviçlə yollar ayrılandan sonra yığmanın baş məşqçisi postu boş qalıb.
Rekord.az xəbər verir ki, bu müddətdə bir çox məşqçinin adı milli ilə yanaşı hallandı və bu gün də hallanmaqdadı.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə yanvarın 28-də keçirilən Hesabat Konfransından sonra təşkil olunan mətbuat konfransında media nümayəndələrinə boş qalan posta 32 əcnəbi məşqçinin namizəd olduğunu, qısa vaxtda onlardan biri ilə danışıqlar masası arxasına oturacaqlarını söyləmişdi. Artıq həmin mətbuat konfransının üstündən bir aydan çox vaxt keçib. Geridə qalan müddətdə ortaya “yığmaya yerli məşqçi rəhbərlik etməlidi” mövzusu da atıldı, bu yöndə qızğın müzakirələr də getdi. Bundan başqa, hər gün hansısa əcnəbi mütəxəssisin Azərbaycana gələcəyi ilə bağlı söz-söhbət yayıldı. Sanki Elxan Məmmədov bilərəkdən bu addımı atmaqla ictimaiyyətin nəbzini yoxlmaq istəyir, cəmiyyətdə ortaq fikri müəyyənləşdirir. Ancaq görünən odu ki, hələ də AFFA rəhbərliyi millinin “sükan”ını kimə etibar edəcəyi ilə bağlı qərar verməyib. Bəlkə də qərar verilib, sadəcə, ictimaiyyətə açıqlanmır.
Bugünlərdə yığmanın yeni baş məşqçisinin kim olacağı yönündə bəzi məlumatlar əldə etmişik. Assosiasiyaya yaxın mənbələrdən bizə çatan bilgiyə görə, rəsmilər yeni başlayacaq Millətlər Liqasında çıxış edəcək komandanın baş məşqçisi postuna yerli çalışdırıcı dəvət edəcək. Daha dəqiq desək, Yurçeviçin dönəmində onun köməkçisi olmuş Arif Əsədov müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirəcək. Onu da qeyd edək ki, Arif bəy Amsterdama yollanın və Millətlər Liqasının püşkatma mərasimində iştirak edib. Yığmaya martın sonunda Maltada keçiriləcək toplanışda da Əsədov rəhbərlik edəcək. Yayda isə o baş məşqçi postunu daha bir yerliyə, mövsümün sonunda karyerasını başa vuracaq Rəşad Sadıqova verəcək. Bu yaxınlarda baş tutan Məmmədov – Sadıqov görüşündə də məhz bu məsələ müzakirə olunub. İcraçı vitse-prezident Sadıqovla uzun sürən söhbətdən sonra bu variantı ona təklif edib və ikinci də razılaşıb. ("Futbol plus" qəzeti)