Sabah I Liqada mövsümün açılış oyunu olacaq və "Karvan" "Mingəçevir"i qəbul edəcək.

Rekord.az xəbər verir ki, Qərb derbisi başlar-başlamaz ilk gərginlik hiss olunmağa başlayıb.

Saytımıza daxil olan məlumata görə, Mingəçevir camiəsi oyuna Rövşən Rəcəbovun təyinatından kəskin narazı qalıb. Onların iddiasına görə, bu hakim daha öncəki oyunlarda onlara qarşı qərəzli idarəçiliyi ilə yadda qalıb və belə bir hakimin bu cür vacib oyuna təyinatı doöru deyil. Bununla bağlı saytımıza müraciət edən azarkeşlər sözügedən hakimin sabahkı oyunda ədalətli idarəçiliyinə böyük şübhə ilə yanaşdıqlarını bildiriblər.

Qeyd edək ki, Rəcəbovla mingəçevirlilərin ədavəti keçən ilin aprelindən başlayıb. Həmin vaxt sözügedən hakim "Region Liqası"nın 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Cəbrayıl" - "Mingəçevir" matçını idarə etmişdi. Həmin oyun isə böyük qalmaqalla yadda qalmışdı. Hakim idarəçiliyindən narazı qalan mingəçevirlilərlə Rəcəbov arasında ciddi gərginlik yaşanmış, yekunda baş hakim özünə qarşı fiziki təzyiq olduğunu əsas gətirərək matçı yarımçıq dayandırmışdı.