Şabran şəhər Mərkəzi stadionunda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2011, 2012 və 2013-cü il təvəllüdlü yeniyetmələr arasında minifutbol idman növü üzrə Şabran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi, yeniyetmələrin minifutbol idman növünə marağının artırılması, rayonda idmanın kütləviliyinə nail olunması, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilmiş yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi-müəllimlər və 60 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

6 komandanın mübarizə apardığı yarışın finalında "Ulduz" komandası "Qarabağ" komandasına 2:0 hesabı ilə qalib gələrək minifutbol üzrə Şabran rayon birinciliyinin qalibi olmuşdur.

Sonda I, II və III yeri qazanmış komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.

Qaliblərin mükafatlandırma mərasimində Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev və Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsi Orxan Kərimov iştirak etmişlər.