Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 10 - 25 iyun 2024-cü il tarixlərdə Siyəzən şəhər stadionunda minifutbol idman növü üzrə keçirilən çempionatda 16 komanda iştirak edib.

Rekord.az xəbər verir ki, çempionat futbol idman növünün inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği, idman yarışlarınn kütləviliyinin artırılması və asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşımışdır.

Iyunun 25-də keçirilən final görüşdə Sədan komandası SOMDA komandası üzərində 2:1 hesabı ilə qələbə çalaraq rayon çempionatının qalibi olub. SOMDA komandası isə çempionatı II yerdə başa vurub.

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol üzrə Siyəzən rayon çempionatının təltif olunma mərasimində I və II yerləri tutmuş komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlarla mükafatlandırılmışlar. Bununla yanaşı yarışın baş hakimi, ən yaxşı hakimi, ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı İdarə tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.