Mirabdulla Abbasov: Bu, mənim işim deyil MÜSAHİBƏ
- 08 Mar 2020 11:00
- 741
Rekord.az xəbər verir ki "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun komandanın istədiyi kimi keçdi. Qələbə qazandıq. Mən də qol vurduğum üçün çox sevinirəm. Uzun müddətdir ki, yaşıl meydanlardan kənarda idim. Düzdür, son matçlarda oynamışdım. Amma bu gün fərqləndiyimə görə çox sevinirəm.
- Formanızı bərpa edə bilirsinizmi?
- Bəli. Uzun müddətdir məşq edirəm. Sadəcə oyuna sonradan daxil oldum.
- Oyun praktikasının azlığından əziyyət çəkirsinizmi?
- Məşqçinin fikridir. Hörmətlə yanaşıram. Bu gün də meydana çıxıb, fərqləndiyim üçün çox sevinirəm.
- Düşünürsünüzmü ki, bu qol bir qədər özünəinamınızı qaytaracaq və məşqçinin əsas heyətdə yer verməsi üçün müəyyən şərait yaradacaq?
- Yenə deyirəm, məşqçinin fikridir, hörmətlə yanaşıram. Əsas heyətdə də olsam, oynayacağam. Əvəzetmə ilə meydana çıxsam da, yenə əlimdən gələni edəcəyəm.
- Bir müddət milli komandaya dəvət aldınız. Sonra bu da yarımçıq qaldı. Hazırda yığmada baş məşqçi vəzifəsi də boşdur. Yəqin ki, milliyə çalışdırıcı təyin olunandan sonra özünüzü göstərib, dəvət olunmağınızı istəyirsiniz. Bunun üçün nə edirsiniz?
- Hər bir futbolçu kimi mən də milli komandada çıxış etmək, yenidən yığmaya çağırılmağımı istəyərəm. Elə bir oyun göstərməyə çalışacağam ki, yenidən milliyə dəvət olunum.
- Sizcə yığmaya yerli məşqçi təyin edilsə, daha yaşxı olar, yoxsa əcnəbi?
- Əlbəttə ki, komandamıza yaxşı bir mütəxəssis lazımdır. Bizim yerli məşqçilərimiz arasında da belələri var. Bu, mənim işim deyil (gülür). Kim gətirilsə, çalışacağam ki, miliyə dəvət olunum və öz oyunumla kömək edim.
- Sabah 2 əsas rəqibiniz - sizdən 1 pillə yuxarıda yerləşən "Qarabağ"la 1 pillə aşağıda olan "Keşlə" qarşılaşır. Hansının xal itirməsi sizin üçün daha sərfəli olar? "Keşlə" xal itirsə, siz daha da uzaqlaşırsınız, "Qarabağ" xal itirsə, daha da yaxınlaşırsınız.
- Siz özünüz də bu suala cavab verdiniz (gülür). Əlbəttə, hər iki komandanın xal itirməsini istəyərik. Həm arxamızda olan rəqibdən uzaqlaşaq, həm də yuxarıda olan rəqibə yaxınlaşaq.
- Bəs, "Neftçi" üçün heç-heçə daha sərfəlidir, yoxsa "Qarabağ"ın məğlub olması?
- Məncə, "Qarabağ"ın uduzması daha çox sərf edər. Çünki xal fərqi daha da azalacaq və çempionluq uğrunda mübarizə aparmaq üçün şanslarımız artacaq.
- Azərbaycan yığması üçün Millətlər Liqasındakı püşkün nəticəsini necə dəyərləndirirsiniz?
- Milli komandamızın, futbolçuların gücünə bələdəm. Düşünürəm ki, birinci yer üçün mübarizə aparıb, qrupdan çıxmaq olar.
- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsiniz?
- Hər oyun olduğu kimi meydana maksimum nəticə üçün çıxacağıq. Çünki başqa seçimimiz yoxdur. Biz çempion olmaq istəyiriksə, hər görüşdə qələbə qazanmalıyıq. Əlimizdən gələni edəcəyik.