“Neftçi və “Keşlə” klubunun sabiq futbolçusu Mirhüseyn Seyidov qol.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edie:

 

 

- Futboldan uzaqlaşandan sonra nə işlə məşqulsunuz ?

- Futboldan kənarda deyiləm. Futzalda həvəskar liqanın yığma komandası yaradılıb. Son 2 ildə orda məşq edirəm.

- Bəs gəliriniz necədir? Necə dolanırsınız?

- Kiçik bir obyektim var idi, pandemiya vəziyyətinə görə bağlamalı olduq. Hazırda kənarda görəcəyim bir iş yoxdur. Sağ olsun yaxşı dostlar, əziyyət çəkməyə qoymurlar.

- AFFA sizin futboldan ömürlük uzaqlaşdırılmağınızla bağlı qərar vermişdi. Sizcə, verilən cəza ağır deyildimi? 

- Bu, federasiyanın qərarı idi. Bəli, ağır oldu. Amma yenə ümid var ki, futbola qayıdım. Çünki bizim bundan başqa görə biləcək işimiz yoxdur. Futbolçu kimi olmasa da, futbolda digər fəaliyyət çalışmaq ehtimalı var.

- Cəzanın aradan qalxması üçün hansı işləri gördünüz?

- Mən öz səhvimi əvvəldən etiraf etdim.  Bu iş idman qaydalarına zidd olduğuna görə sonda federasıya bu qərarı verdi.

- Bu məsələdə kimlərsə sizə qarşı “quyu qazmaq” məqsədi ilə istifadə edə bilərdimi?

- Xeyr, elə düşünmürəm. Əgər elə bir şey olubsa da, axtarsam, tapa bilmərəm. Onu edən heç vaxt üzünə deməz ki, belə iş tutmuşam. Yenə deyirəm, bu, federasiyanın qərarıdır. Yaxın vaxtlarda AFFA rəhbərliyi ilə görüşmək istəyirəm. Pandemiya vəziyyətinə görə hələlik alınmır. Görüşüb bu məsələ ətrafında xahiş edəcəyəm. Bəlkə futbol sahəsində bir iş imkanı yaradılar.

- “Neftçi” klubunun yetirməsiniz. O klubla əlaqəniz qalıb?

- Bəli, demək olar çoxları ilə əlaqəm var. Amma ən yaxın komandanın kapitanı Emin Mahmudovdur. Həm gözəl insan, həm də yaxşı futbolçudur. Əlavə olaraq Aqil Məmmədov, Səlahət Ağayev və başqa oyunçularla yaxın münasibətim var.

- Bəs, rəhbərliklə necə?

- Düzdür, əvvəlki kimi olmasa da, umumi olaraq normaldır. Klubun işçiləri var ki, uzun illər çiyin-çiyinə çalışmışıq. Hər biri ilə xoş münasibətim var.

- Sadıq Sadıqovun prezidentliyi dövründə “Neftçi” daha güclü idi. Komanda Avroliqanın qrupuna düşdü, çempionluq, kubok qazandı. Sonra isə komandada eniş başladı.
 
- Bilirsiniz, o vaxt “Neftçi”nin fərqli heyəti vardı. Fərqi yoxdur, futbolçu, klub rəhbəri, sıravi işçi. Hamısı yumruq kimi birləşmişdi. O vaxt qərarı tək prezident verirdi. İndiki kimi rəhbərlik iki yerə bölünmür. Yəni indi klubun prezidenti də, müşahidə şurası da var. O vaxt düz də olsa, səhv də olsa qərarı bir adam verirdi. Əsas üstünlük elə onda idi.  

- Premyer Liqanın səviyyəsini necə dəyərləndirirsiniz?

- Səviyyə göz önündədir. Əvvəlki illərə baxanda temp düşüb, amma üstün cəhətlər də var. Gənc futbolçulara yol açılıb. Gənc məşqçilərimiz üzə çıxıb. Rəşad Sadıqov, Elmar Baxşıyev, Samir Abbasov, Ayxan Abbasovu qeyd edə bilərəm. Seçilirlər. Onlar bir növ  Qurban Qurbanovun davamçılarıdır. 

- Milli komanda barəsində nə deyə bilərsiniz?

- Əsas A milliyə bir dəfə çağırılmışam, U-21-də isə kapitan olmuşam. Milli barədə tənqidlər bu gün üçün çoxdur. Hər kəs nəticə gözləyir. Amma bizim futbolun bu gün nail ola qazana biləcəyi maksimum göstərici var. İndi gənc nəsil yetişir, millidə hazırda əsasən gənclərə üstünlük verilir. Ola bilər ki, Avropa çempionatında işlər istədiyimiz kimi getməsin. Amma 4-5 ildən sonra yaxşı səviyyədə çıxış edib, uğurlu nəticə qazana bilərik.

- İndi bir növ azarkeş kimisiniz. Futbola kənardan baxmaq necə hisslərdir?

- Bu gün kənarda qalsam da, dostlarım oynayır. İstəmərəm ki, bizim başımıza gələn onların da başına gəlsin. Şəxsən mənim üçün kənardan baxmaq mənim üçün çox çətindir. Adam çox darıxır, amma fərq var ki, çoxlu müzakirələr edirik. İndi futbol dəyişib, çalışmaq lazımdır ki, avropasayağı futbola üstünlük verək. Yeni üsluba keçmək lazımdı. Sovet fikri, sovet taktikasını kənara atmaq lazımdır.