MOİK-də islahatlar: baş məşqçiyə xəbərdarlıq edildi, köməkçilər uzaqlaşdırıldı
- 14 Yan 2021 18:00
- 763
Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyi I Divizionda çıxış edən komandada islahatlara başlayıb.
Rekord.az-ın məlumatına görə, baş məşqçi Ramil Əliyevə sonuncu xəbərdarlığı edib.
Çempeionaatın geridə qalan 11 turunda cəmi 6 xal toplayan və bu nəticəylə qış fasiləsinə turnir cədvəlinin sonuncu pillədə yollanan kollektivin çalışdırıcısının töhmət alması anlaşılandır.
«Rıba» ləqəbli sükançı özünü və komandanı düzəltməsə, tezliklə buradan uzaqlaşdırılacaq. Özünü düzəltmək deyəndə ki, Əliyevin alkoqollu içkilərdən asılılığı mətbuat üçün yeni xəbər deyil.
Uzun illərdir MOİK-in düşərgəsində «lövbər salan», dəfələrlə baş məşqçi postundan uzaqlaşdırılan və hər dəfə müxtəlif vasitələrlə geri qaytarılan «Rıba»nın işinə səhlənkar yanaşması da bəllidir.
Əliyev birmüddətlik postunu qorusa da, köməkçilərindən Anar Vəliyev, Elçin Cəfərov, həmçinin Hüseyn Həsənov komandadan uzaqlaşdırılıb. Rəhbərlik futbolçulardan bir neçəsinə də qapını göstərib. (sportinfo.az)