MOK-da Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüş olub
- 14 May 2024 10:14
- 600
Mayın 13-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüş olub.
Rekord.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, federasiyanın vitse-prezidenti Firdovsi Umudov və MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev iştirak ediblər.
Görüşdə Azərbaycanla Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə ağırlıqqaldırma idman növünün inkişafı barədə məlumat verib. Azərbaycanda ağırlıqqaldırma idman növünün böyük ənənələrinin olduğunu deyən Çingiz Hüseynzadə federasiyasının yeni inkişaf yoluna başladığını diqqətə çatdırıb.
“Azərbaycanda kifayət qədər ağırlıqqaldırma üzrə dünya, Avropa çempionatlarının qalib və mükafatçıları var. Bu gün ölkəmizdə ağırlıqqaldırma idman növünün inkişafı üçün federasiya rəhbərliyi səmərəli işlər həyata keçirir. Ümid edirik ki, bu iş uğurla başa çatacaq və Azərbaycan ağırlıqqaldıranları da Yay Olimpiya Oyunlarında uğurla iştirak edəcəklər”, - deyə Çingiz Hüseynzadə bildirib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Calud ölkəmizə səfər gəlməyindən olmaqdan məmnun olduğunu bildirib.
Rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə məlumat verən qonaq ağırlıqqaldırma idman növündə dopinqə qarşı mübarizənin vacibliyindən danışıb və bu kimi halların minimuma endirdiklərini diqqətə çatdırıb.
“Azərbaycanda səfərdə olduğum müddətdə ağırlıqqaldırma üzrə məşq bazası ilə tanış oldum. Orada bir sıra gənc ağırlıqqaldıranların məşqini izlədim. Onların çıxışı mənə böyük ümid verdi. İnanıram ki, bu gənc idmançılar özlərini 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında doğruldacaqlar”, - deyə Məhəmməd Calud bildirib.
Beynəlxalq Federasiyanın rəhbəri çıxışında həmçinin Azərbaycanda yeni akademiyanın yaradılması məsələsinə də toxunub: “Bizim bir sıra layihələrimiz var. Onlardan biri də məşqçilərlə bağlıdır. Məşqçilərin hazırlanması ilə bağlı yeni qaydalar hazırlanır. Akademiya yaratmaq üçün biz beş qitə olmaqla, hər qitədən bir ölkə seçəcəyik. Avropa qitəsindən isə Azərbaycanı seçməyi düşünürük. Belə ki, beynəlxalq dərəcəli məşqçi olmaq istəyən şəxslər Bakıya gələcək, məşqlərdən keçərək sertifikatlar alacaqlar. Düşünürəm ki, bu Azərbaycan üçün çox önəmli olacaq”.
MOK-un baş katibi Azər Əliyev ölkəmizdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının gördüyü işlərdən danışıb. Azərbaycanda yeni, gənc ağırlıqqaldıranların yetişdiyini deyən Azər Əliyev onların qarşıdan gələn dünya, Avropa çempionatlarında, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə inandığını bildirib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə səmimi görüşə görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlıq edib.
O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludun ölkəmizə səfərinin Azərbaycanda ağırlıqqaldırma idman növünün inkaşfı üçün böyük təsiri olacağını vurğulayıb.
“Bu gün əsas məqsədimiz milli komandada nizam-intizamı gücləndirnmək, dopinqə qarşı mübarizə aparmaq və regionlarda bu idman növünün inkişafını təmin etməkdir. Düzdür, atletlərimiz Paris-2024-ə lisenziya qazana bilmədilər. Amma çalışacağıq ki, idmançılarımızın Los-Anceles-2028-də iştirak etməsinə nail olaq. Bundan başqa İspaniyada gənclər arasında dünya çempionatı təşkil olunacaq ki, bu yarışa da geniş heyət yollamağı düşünürük. Bizim əsas məqsədimiz gənclərlə işləyərək, regionlarda yeni bazalar yaratmaqdır”, - deyə Kamran Nəbizadə qeyd edib.
Tədbirin sonunda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caluda və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadəyə xatirə hədiyyələri təqdim olunub.