“Qarabağ”ın işi çətindi. Görünən odu ki, Çempionlar Liqasının təsnifat mərhələsinin “Mölde” ilə matçının Bakıda yox, neytral meydanda keçirilmə ehtimalı heç də az deyil, hətta çox böyükdür də deyə bilərik. Bizim üçün tunelin sonunda bir işıq ucu var, amma norveçlilərin iddiaları da əsassız deyil və UEFA-nın müvafiq reqlamentinə uyğundu. “Rekord.az” olaraq bu məsələni incələmək qərarına gəldik. Beləliklə.

 

Norveçlilər Bakıya “yox” deyir
Dünən püşk atılandan qısa zaman sonra “Mölde” tərəfi “Qarabağ”a rəsmi məktub ünvanlayaraq, oyunun keçirilmə yerinin dəyişdirilməsini, ya da ya Norveçdə, ya da neytral meydanda keçirilməsini istədiyini ifadə edib. Buna səbəb kimi, norveçlilər Azərbaycana səfərdən sonra 10 günlük karantində qalmaq məcburiyyətini göstəriblər. Əlavə olunub ki, bu qayda sərtdir və yerli hökümətləri onlara futbola görə güzəşt etməyəcək.

 

Qaydaları sərtdir
Yerli hökümətin qaydalarının sərt olması barədə deyilənlər doğrudur və havadan götürülməyib. Belə ki, Norveçin Xarici İşlər Nazirliyinin tövsiyələrində öz vətəndaşlarına yüksək koronavirus səviyyəsi olan ölkələrə vacib olmayan səfərlərdən çəkinmək, belə bir imkan varsa, bir daha düşünürək bu addımdan imtina etməyi təklif edir. Qeyd olunur ki, “siz Norveçə yüksək yoluxma səviyyəsinə malik ölkədən qayıtsanız, dönüşdə karantinə oturmalı olacaqsınız”.

 

İstisnalar da var
Təbii ki, Norveç öz vətəndaşlarına səfər imkanları yaradaraq bir sıra ölkələri “təhlükəsiz” elan edib və oradan dönüşdə karantin tələb etmir. Bunlar rəsmi şəkildə müəyyən lokal istisnalarla Skandinaviya ölkələri və Estoniya, Macarıstan, İtaliya, Latviya, Litva, San-Marino, Slovakiya və Sloveniyadır.

 

Bəs “Mölde” bura qədər necə gəlib?
“Mölde” Çempionlar Liqasının bu mövsümkü təsnifat mərhələsində iki rəqibi üstələyib. 1-ci mərhələdə evdə Finlandiya “KuPS”-ni 5:0 yeniblər. Sonrakı mərhələdə Sloveniyaya səfər edərək yerli “Çelye” üzərində 2:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəliblər. Burada cəmi bir səfər olub, o da Norveç hökümətinin istisna siyahısına saldığı ölkəyədir. “Çelye” ilə matçın neytral meydanda keçirilməsinə tələbin olmaması bu səbəbdəndir. Azərbaycan səfəri isə başqa mövzudur.

 

UEFA-nın əsasnaməsi nə deyir?
UEFA Çempionlar Liqası 2020/21-ci illər mövsümünün əsasnaməsinin (reqlament) İ əlavəsi təsnifat və pley-off mərhələlərində COVİD-19-la əlaqədar tətbiq olunan xüsusi qaydalar qeyd olunub. Onun 1.1.3-cü bəndinin “c” altbəndində qeyd olunur ki, “milli/yerli ölkə rəhbərliyi tərəfindən qoyulan məhdudiyyətlər qonaq klubun matçı oynamaq üçün səfərinə və ya oyundan sonra evə qayıtmasına şamil edilərsə, ev klubu neytral (tərəfsiz) bir ölkədə (UEFA-nın üzvü olan) ola biləcək uyğun, matçın keçirilməsinə icazə verən və qonaq kluba səyahət zamanı  hər hansı bir məhdudiyyət yaratmayacaq alternativ məkan təklif etməlidir. Qəbul edən klub bu cür uyğun alternativ məkan təklif edə bilmirsə, matçın keçirilmə yeri ilə bağlı son qərarı UEFA verəcəkdir. Qarşılaşmanın təşkilindən ev klubu cavabdeh olacaq və hər iki klub da müvafiq xərcləri bərabər ölçüdə paylaşacaq. Hər hansı bir klub matçda iştirak etməkdən imtina edərsə, matçın baş tutmamasına görə cavabdeh olacaq və UEFA Nəzarət, Etik və İntizam Qurumu tərəfindən 0:3 hesabı ilə məğlub elan ediləcək”.
Göründüyü kimi, norveçlilər istinad etdikləri məqamlar UEFA-nın əsasnaməsində öz əksini tapır və havadan götürülməyib. 

 

“Qarabağ” tərəfi nə deyir?
Azərbaycan tərəfi olaraq “Qarabağ” klubu matçın Bakıda keçirilməsində problem olmadığını və qarşılaşmanın səfərdə oynanılmasına ehtiyac duyulmadığını qeyd edir. Klubun mətbuat katibi Nurlan İbrahimovun “Komanda”ya açıqlaması belədir: “Bəli, Norveç tərəfi oyunun neytral meydanda keçirilməsini istəyir. Norveç hökumətinin ölkəyə gələn şəxslərlə bağlı 10 günlük karantin tələbi var. Bununla əlaqədar “Molde” rəsmiləri özlərinin müəyyənləşdirdiyi 6-7 ölkədə oynamağı təklif edirlər. Təbii ki, biz o şərtlərlə razılaşmadıq və UEFA-ya müraciət etdik. Qarşılaşmanın Bakıda təşkil olunması ilə bağlı qitə futbol qurumundan cavab gözləyirik”.
Baş menecer Asif Əsgərov isə “Report”a bunları deyib: "UEFA ilə dünəndən yazışır, onların üstünə gedir və sübut eləməyə çalışırıq ki, bizdə problem yoxdur. Çalışırıq ki, rəqib buraya gəlsin. Son qərarı Avropa futbol qurumu verəcək. Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya Norveçə karantinsiz girə bilirsə, Norveç komandası da öz ölkəsinə gözüyumulu girməlidir. Məcburiyyəti "Qarabağ" yox, UEFA edə bilər. Qayda belədir ki, onlar gəlməsə və ya kim matça çıxmasa, həmin komandaya texniki məğlubiyyət verilir. Sadəcə, UEFA Norveçə girişdə karantinin tətbiq edildiyini bildirir, biz isə deyirik ki, "Molde" xüsusi icazə ilə karantinə alınmaya bilər. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Molde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir".
Klub rəsmisi bildirib ki, qaydalar bütün ölkələrə tətbiq olunsa, UEFA-nın qərarı ilə razılaşacaqlar: “UEFA Millətlər Liqasının ilk turunda Norveç yığması Avstriyanı qəbul etməlidir. Sentyabrın 4-də keçiriləcək matç üçün Avstriya millisi Norveçə daxil olduqda problemlə üzləşməsə və onlara karantin tətbiq edilməsə, “Molde” də öz ölkəsinə qayıdanda karantin görməyə bilər. Onların qorxusu odur ki, ölkələrinə döndükdə 10 gün karantində qalacaqlar”.

 

Necə olacaq?
Nə qədər emosional davransaq da, istəməsək də, qəbul etməliyik ki, norveçlilər sənəd üzərində doğru tələblə çıxış edirlər. Yerli qanunlar dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəyə təsirini minimuma endirmək, onun yan təsirlərindən qorunmaq üçün tətbiq edildiyindən UEFA da daxil olmaqla hər kəs ona hörmətlə yanaşmalı, qəbul etməlidir. Əslində, Avropanın ali futbol qurumu da öz əsasnaməsində bu məqamları nəzərə alaraq müvafiq addımı atıb. Ki, yuxarıda həmin bəndi də sizə təqdim etdik. Gedişata görə qərar versək, matçın neytral meydan keçirilmə ehtimalı yarıdan çoxdur. Amma...

 

Amma başqa məqam da var
İşin əmması da var. Yuxarıda istinad etdiyimiz UEFA Çempionlar Liqası 2020/21-ci illər mövsümünün əsasnaməsinin İ əlavəsinin 1.1.4-cü bəndində qeyd olunur ki, “UEFA rəhbərliyi klubların milli/yerli hakimiyyət orqanları tərəfindən qoyulmuş məhdudiyyətlər barədə verdiyi məlumatı (Əlavə 1.1.1-ə uyğun olaraq) dəqiq və ya səhih saymazsa, yaxud məhdudiyyətlərin oyunu neytral meydanda keçirilməsi üçün yetərli səbəb olmadığını hesab edərsə, matçın neytral bir ölkədə (UEFA üzv assosiasiyası olmaq şərtilə) yenidən təşkil edilməsi ilə bağlı son qərarı məhz UEFA özü verəcəkdir. Qarşılaşmanın təşkili və əlaqədar bütün xərclərdən ev klubu cavabdeh olacaq. Hər hansı bir klub matçda iştirak etməkdən imtina edərsə, matçın baş tutmamasına görə cavabdeh olacaq və UEFA Nəzarət, Etik və İntizam Qurumu tərəfindən 0:3 hesabı ilə məğlub elan ediləcək”
Bu bəndi diqqətə almaq lazımdı. “Mölde” öz ölkəsindəki karantin qaydaları barədə UEFA-ya  səhih (dürüst) məlumatlar verməli, bu qaydaların heç bir əlavə istisnası olmadığını sübut etməlidi. Yəni məsələn, müraciət ediləcəyi təqdirdə Norveç hökümətinin Azərbaycana səfərindən səbəbindən asılı olmayaraq geri dönüş zamanı komandanın mütləq şəkildə karantinə salınacağını rəsmi təsdiq etməlidir. Ancaq bundan öncə həm onların, həm də bu halda Azərbaycan tərəfinin müraciətinə verilən cavab təqdim edilməlidir. Hələ bilmək olmaz ki, məsələn, Azərbaycan Xarici İşlər Nazirliyi (yaxud digər müvafiq qurumumuzun) öz norveçli həmkar qurumuna matç barədə müraciət etdikdən sonra alacağı cavab necə olacaq. Bu futboldu və Norveç hökümətinin məhz bu “keys” üçün istisna hal kimi davranacağı ehtimalı da az deyil.

 

Daha bir məqam
UEFA-ya verilən səhih məlumat məsələsində gözdən qaçan başqa bir məqam da ola bilər. “Qarabağ”ın baş meneceri Asif Əsgərovun açıqlamasına bir də nəzər salın. Klub rəsmisi milli komandaların Millətlər Liqasında qarşıdakı bir həftə ərzində keçirəcəyi oyunlardan söz açıb. Çox doğru və təcrübəyə əsaslanan bir açıqlama və gedişdi. Ancaq Əsgərovun Norveçin evdə oynayacağı Avstriya matçına istinad etməsi doğru deyil. Sentyabrın 4-də baş tutacaq bu qarşılaşmanı skandinaviyalılar öz meydanında keçirəcək və hazırkı durumda bu, heç bir nümunə kimi qeyd edilə bilməz. Ancaq cəmi 3 gün sonra Norveç millisi Şimali İrlandiyanın qonağı olacaq və məhz bu matç xüsusi diqqətə alınmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, Şimali İrlandiya Norveç hökümətinin istisna siyahısında yer almayan ölkədir və məntiqlə bu ölkəyə səfərdən geri dönən milli komanda 10 günlük və ya iki həftəlik karantinə salınmalıdır. UEFA Norveç hökümətinin məhz bu matçla, daha doğrusu, ondan sonra hansı davranışı nümayiş etdirəcəyini araşdırmalı, hətta rəsmi cavab istəməlidir. Çünki yerli hakimiyyət orqanları milli komandanı bu matçdan sonra karantinə salmayacaqsa, “Mölde”nin də müvafiq tələbi qüvvədən düşmüş olacaq. İstisnadan istisna olmaz. Yığmaya icazə verilirsə, kluba da eyni icazə tətbiq edilməlidir. Yox, Şimali İrlandiyadan geri dönən milliyə karantin şərtləri tətbiq ediləcəksə, müzakirə bitmişdir və “Qarabağ”ın ev matçının neytral meydanda keçirilməsinə bir maneə yoxdur.

 

“Qarabağ” tərəfi bu məqamı xüsusi diqqətə almalı, UEFA-ya bu istiqamətdə təzyiq edərək, istədiyi nəticəyə nail olmalıdı.

 

Kənan Məstəliyev, “Rekord.az”