Moldova Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkə çempionatının müvəqqəti dayandırılmasına qərar verib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Milli Divizionda sentyabrın 11-dək məcburi fasilə elan olunub. Bir neçə klubun müraciətini nəzərə alan federasiyanın Fövqəladə Komitəsi çempionatın 9 və 10-cu turlarını təxirə salıb.

Komitə avrokuboklarda iştirak edəcək "Şerif", "Sfintul George", "Petrokub" və "Dinamo-Avto" komandalarına beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşmağı tövsiyə edib.

Federasiya idman bazası olmayan avrokubok iştirakçılarının milli komandaların bazasından pulsuz istifadə etməsinə icazə verəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Makedoniya "Sileks"ini keçəcəyi halda növbəti raundda "Şerif" - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. 

“Dinamo-Avto” klubunda Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyev də çıxış edir.