Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.

Rekord.az xəbər verir ki, fevralın 25-dən təlim-məşq toplanışına başlayacaq komanda Bakı İdman Sarayında əsasən fiziki təmrinləri yerinə yetirir.

Dünənki məşqdən sonra millinin müdafiəçisi Amir Şocaei hazırlıqla bağlı federasiyanın rəsmi saytına danışıb:

“Məşqlərimiz plan üzrə davam edir. Daha çox fiziki hazırlığa diqqət yetiririk. Bu da baş məşqçinin göstərişidir. Əlbəttə, taktiki çalışmalara da yer ayırırıq. Komanda olaraq bu dəfə daha yaxşı formadayıq. Çünki məşq etmək üçün daha çox vaxtımız oldu. Həm də yanvarda da yaxşı hazırlıq keçmişdik. Onun da müsbət təsirini görürük. Slovakiya və Yunanıstanla oyunlarda qazandığımız qələbə də əhval-ruhiyyəmizi yüksəldib”.

Növbəti rəqibin - Moldovanın tanış komanda olduğunu deyən müdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini qeyd edib: “Bu komandaya qarşı 2 il əvvəl oynamışam. Ancaq həmin nəticəni unutmalıyıq. Məşqçimiz rəqibi analiz edəcək və bizə necə oynamalı olduğumuzu deyəcək. Budəfəki görüş finala bərabər olacaq. Moldova millisi də seçmə mərhələyə yaxşı başlayıb. Heç kimin gözləmədiyi halda Slovakiya ilə səfərdə heç-heçə edib. Hətta qələbə də qazana bilərdi”.

Şocaei bu görüşlərdə qazanılacaq qələbələrin zirvədəki mövqeyimizi böyük ölçüdə möhkəmləndirəcəyini vurğulayıb: “Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdı. Bunu bacarsaq, birinci pillədəki yerimizi möhkəmləndirəcəyik. Azərbaycan illərdi Avropa çempionatının final mərhələsində iştirak edir. Bu seriyanın davam etdirilməsi vacibdir”.

Millinin üzvü Moldovanın hər iki oyununu izlədiyini də bildirib: “Onların Yunanıstan və Slovakiya ilə oyunlarını izləmişəm. Təhlükəli hücumlar qururdular. Bizimlə oyunda yəqin ki, müdafiəyə diqqət yetirəcəklər. Çalışmalıyıq ki, rəqibimiz əks-hücumlarda bizi yaxalamasın. Çünki heyətlərində təhlükəli oyunçuları var. Xüsusilə də 7 nömrəli (Adrian Laşku) futzalçını qeyd edərdim”.