Moldovada bütün idman yarışları dayandırıldı
- 20 Mar 2021 19:30
- 586
Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları qeyri-müəyyən müddətədək dayandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası qərar qəbul edib.
Beləliklə, Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün oyunlar baş tutmayacaq. Eyni zamanda, ölkə yığmasının martın 25-də Farer adaları və martın 31-də İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.
Hazırda Moldova Futbol Federasiyası məsələnin müzakirəsindən ötrü ölkə rəhbərliyi ilə görüşmək niyyətindədir.
Qeyd edək ki, qərar martın 31-dək qüvvədə olacaq.