MS, İlkay və Qvardioladan tarixi statistika
- 17 Mar 2021 16:40
- 591
İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Mönhenqladbax “Borussiya”sı ilə cavab oyunundakı qələbə (2:0) sayəsində bir sıra yeni uğurlu statistikalara imza atıb.
Rekord.az xəbər verir ki, Xosep Qvardiolanın çalışdırdığı kollektiv bu mövsüm bütün turnirlər çərçivəsində vurduğu qol sayında 100-ü keçib.
“Şəhərlilər” ardıcıl 8-ci mövsümdür bu nailiyyətə imza atır. Premyer Liqa komandalarından yalnız "Mançester Yunayted" daha uzun - 9 mövsümlük (2004/05 - 2012/13) seriyaya malik olub.
“Mançester Siti” son 5 mövsümdəki 100 qol həddini məhz indiki baş məşqçisi Qvardiolanın sayəsində keçə bilib. Bundan başqa, ispan mütəxəssisin çalışdırdığı kollektivlər 2008/2009 mövsümündən etibarən bütün 12 mövsüm ərzində ən azı 100 qol vurub. Bu müddətdə təcrübəli mütəxəssis rəhbərlik etdiyi bütün komandalarla - “Barselona”, “Bavariya” və “Mançester Siti” ilə ümumilikdə 686 oyuna 1717 qola sevinib.
Qvardiola həm də hazırda “Tottenhem”in baş məşqçisi olan Joze Mourinyonu geridə qoyaraq ÇL tarixində ən çox qələbə sevinci yaşayn 4-cü məşqçiyə çevrilib. O, bu baxımdan Arsen Venger (86 qələbə), Karlo Ançelotti (89) və Ser Aleks Ferqyusondan (102) geri qalır.
ÇL-dəki son 7 matçında qapısından qol buraxmayan “Mançester Siti” bu göstəricidə “Milan”a çatıb. İtaliya klubunun ÇL-dəki “quru” oyunlar seriyası 2005-ci ilin aprelində sona çatıb. Bu baxımdan rekord isə London “Arsenal”ına məxsusdur. İngiltərə klubunun 10 oyunluq “quru” seriyası 2006-cı ilin aprelində qırılıb.
Bu oyunda komandasının ikinci qolunu vuran İlkay Gündoğan da rekorda imza atıb. Türk əsilli almaniyalı yarımmüdafiəçi bu mövsüm “Mançester Siti”də bütün turnirlər çərçivəsində vurduğu qolların sayını 15-ə çatdırıb. O, həm də 2020/21 mövsümündə “Böyük beşlik” çempionatlarında ən çox qol vuran alman futbolçuya çevrilib.
İlkay ÇL-də də 9-cu qolunu vurub. Bununla da o Almaniya xaricindəki klubların heyətində ÇL-də ən çox qola imza atan alman futbolçu ünvanını ələ keçirib. Əvvəlki rekord Lukas Podolskiyə məxsus idi. Almaniya yığmasının sabiq forvardı vaxtilə “Arsenal”la ÇL-də 8 qol vurmuşdu.