Qadın voleybolçular arasında dünya çempionatının ikinci finalçısının da adına aydınlıq gəldi. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi ilə keçirilən yarışda Braziliya millisi finala yüksəlib. 

Cənubi Amerika təmsilçisi yarımfinalda İtaliya ilə qarşılaşıb. Oyun gözlənildiyi kimi gərgin keçib. Lakin daha çox favorit hesab olunan italyanlar etimadı doğrultmayıblar. 4 set davam edən matçda Braziliya 3:1 (25:23, 22:25, 26:24, 25:19) hesabı ilə qələbə qazanıb və qızıl medal uğrunda mübarizə aparacaq. Mundialın qalibi adı uğrunda Braziliya son çempion Serbiyaya qarşı mübarizə aparacaq.

İtaliya isə bürünc mükafat üçün yarışacaq. Üçüncülük oyununda avropalıların rəqibi ABŞ yığması olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma oktyabrın 15-də Niderlandın Apeldorn şəhərində baş tutacaq.