“Sumqayıt”ın futbolçusu Əmir Ağayev müsahibə verib.

Rekord.az xəbər verir ki, israilli futbolçu ölkəsinin “Jsport.co.il” saytına danışıb:

- Avropa Liqasına vəsiqə qazanmağınız münasibətilə təbrik edirik. Mövsümün əvvəlində bunun ola biləciyini düşünürdüz?
- Bu il möhtəşəm heyətimiz vardı. Bunu bacardığımız üçün xoşbəxtəm.

- Müqavilənizin uzadılmamasının səbəbi koronavirus idi, yoxsa daha çox peşəkar qərar oldu?
- Müqaviləni yeniləməməyimin koronavirusla heç bir əlaqəsi yoxdur. Bu arada, koronavirus olmasaydı, şəxsi rekordlarımı yeniləmiş olardım.

- İstər ölkə xaricində, istərsə də İsraildə oynamağa hazırsız?
- Hazırda İsraildəyik. Hər şeyi təhlil edib, nə edəcəyimizi düşünürük. Hər zaman oynamağa hazıram, amma indi daha təcrübəliyəm. Mənə çox şey öyrədən bir neçə şey yaşadım.


- Liqanın səviyyəsi necədir?
- Hər zaman demişəm ki, ən yaxşı 5-6 liqa istisna olmaqla, bütün çempionatlar eyni səviyyədədir.


- Şübhəsiz, ailənizin yanınızda olması işlərinizi asanlaşdırırdı. Bəs onlar üçün vəziyyət necə idi? Uşaqlarla yeni və yad yerə necə adaptasiya olduz?
- Nisbətən tez uyğunlaşdıq və orda həqiqətən çox əyləndik. Çünki Bakı şəhəri həqiqətən inanılmazdır. Düzdür, darıxırdıq, çünki bu, İsraildən uzaq qaldığım ən uzun müddət idi. Amma karyeram və dolanışıq üçün bunu etməliyik.


- Düşünmürsüz ki, İsraildə oynasaydız, milli komandaya da dəvət alardız?
- Dünyanın istənilən çempionatında oynamağınızdan asılı olmayaraq, özünüzü ən yaxşı tərəfdən göstərməlisiz. Buna görə də, harda çıxış etməyimin fərqi yoxdur. Çempionatın səviyyəsinin etdiklərimə heç bir dəxli yoxdur.

- Azərbaycan vətəndaşlığınız da var. Bu, milliyə dəvət almağa kömək edə bilər?
- Mənim Azərbaycandakı işimi izləyən və maraqlanan nə qədər insanın olduğunu bilmirəm. Bu, onlar üçün cəlbedici deyil.


- Növbəti mövsümdə özünüzü harda görürsüz?
- Hələ bilmirəm. Sakit düşünmək üçün kifayət qədər vaxtımız var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.