Muradla Həsrətdən DÇ-də gümüş medal
- 24 Sen 2023 23:13
- 364
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına yekun vurulub.
Rekord.az xəbər veirr ki, yarışın 8-ci günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə mübarizəyə start verilmişdi. Bu gün həmin çəki dərəcələri üzrə medal görüşləri baş tutub.
Mübarizəyə 1/8 finaldan qoşulan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Georgi Tibilovla qarşılaşan Məmmədov 4:1 hesablı qələbəyə sevinib. Murad həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olsn 28 yaşlı pəhləvanımız gümüş medalı boynundan asıb.
Həsrət Cəfərov (67 kq) əvvəlcə meksikalı Edson Qutyerə heç bir şans tanımayıb - 8:0. İstedadlı pəhləvanımız 1/8 finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlib - 5:1. Cəfərov 1/4 finalda iranlı olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşıb. Titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Həsrət 2 il əvvəlki məğlubiyyətin revanşını alıb. Milli üzvü yarımfinalda isə gücünü ermənistanlı Slavik Qalstyana göstərib - 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Cəfərov həm də ölkəmizə olimpiya lisenziyası qazandırıb. Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançeslə güləşib. Hesabda 3:1 önə keçən gənc güləşçimiz bu üstünlüyünü sonadək qoruya bilməyib. 3:4 hesablı məğlubiyyət Cəfərovun dünya ikincisi olmasıyla nəticələnib.
İslam Abbasov (87 kq) moldovalı Viorel Burduyaya 5:1 hesabıyla qalib gələrək 1/16 finala yüksəlib. Güləşçimiz əlcəzairli Baxir Sid Azaranı isə sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda macarıstanlı David Losontsi ilə bacarmayıb - 0:8. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. İslam əvvəlcə qırğızıstanlı Azat Salidinovdan (5:1), daha sonra isə belaruslu Kiril Maskeviçdən (6:1) güclü olub. Güləşçimiz bürünc medal uğrunda bolqarıstanlı Semyon Novikovla qarşılaşıb və məğlub olub. O, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün daha bir qarşılaşmada iştirak edib. Lakin qazaxıstanlı Nursultan Tursunovla dueldən məğlub ayrılan güləşçimiz lisenziya qazana bilməyib.