Muradlı liderliyi davam etdirir
- 18 Apr 2024 12:41
- 268
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, turnirin lideri, qara fiqurlarla mübarizə aparan Məhəmməd Muradlı Vüqar Rəsulovla heç-heçə edib.
Ağ fiqurlarla yarışan Xəzər Babazadə yarışın reytinq favoriti Aydın Süleymanlıya qalib gəlib.
Misrətdin İsgəndərov - Ülvi Sadıxov, Read Səmədov - Vüqar Manafov, Süleyman Süleymanlı - Murad İbrahimli, Ürfan Sevdimalıyev - Rüstəm Rüstəmov görüşləri heç-heçə bitib.
Hesabat turunda Namiq Quliyev ağ fiqurlarla çıxış edən Toğrul Həsənzadəyə uduzub. Abdulla Qədimbəyli və Allahverdi Həmidov müvafiq olaraq Şiroğlan Talıbovla Xaqan Əhmədə qalib gəlib.
7 turdan sonra 5,5 xala malik Məhəmməd Muradlı birinci pillədə qərarlaşıb. Liderdən 1 xal geri qalan Xəzər Babazadə, Aydın Süleymanlı, Vüqar Rəsulov müvafiq olaraq 2-4-cü yerləri bölüşür. İlk dördlüyə yaxın olan Misrətdin İsgəndərov, Vüqar Manafov, Read Səmədov, Abdulla Qədimbəyli, Toğrul Həsənzadə və Ülvi Sadıxovun 4 xalı var.
Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.