"Çox xoşbəxtəm və komandaya qoşulmağı, burada oynamağı səbirsizliklə gözləyirəm. İnanıram ki, bu, böyük, uzunmüddətli və uğurlu əməkdaşlıq olacaq".

Rekord.az xəbər verir ki, bunu İsveç "Yurqorden"inə keçən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı klubun rəsmi saytına açıqlamasında deyib.

Bir neçə gündür Stokholmda olan 21 yaşlı hücumçu yeni komandasının təlim-məşq bazası, ev oyunlarını keçirdiyi stadion, xüsusilə də azarkeşləri ilə bağlı çox yaxşı təəssüratlarının olduğunu bildirib: "Özümü çox yaxşı hiss edirəm. Məşqçilərlə, rəhbər şəxslərlə görüşdüm, həmçinin "Tele2 Arena"da oldum və ötən bazar günü matça baxdım. Təəssüratlarım əladı. "Yurqorden" haqqında bir az bilirdim, amma bura gələndən sonra müsbət fikirlər daha da artdı".

Stokholm klubuna keçməzdən öncə başqa təkliflərinin də olduğunu vurğulayan Qurbanlı İsveç təmsilçisini seçməsinin səbəbini açıqlayıb: "Mənə qarşı ciddi olduqlarını və böyük maraq göstərdiklərini dərhal hiss etdim. Digər klubların heç biri bu məsələdə "Yuqorden" qədər konkret davranmadı. Bu, seçim etməyimdə vacib amilə çevrildi".

Öz oyununu da xarakterizə edən futbolçu bunları əlavə edib: "Mən tipik 9 nömrə, həmişə qol axtarışında olan hücumçuyam. Əsas istəyim fərqlənməkdir. Hətta uşaqlıqda da mümkün qədər çox qol vurmaq istəyirdim. Ona görə də həmişə gələcəyi düşünməyə və topu qapıdan keçirmək üçün cərimə meydançasına girməyə çalışıram. Eşitdim ki, "Yurqorden" mənim üslubumda hücumçu axtarır. Mentalitet güclü tərəflərimdən biridir, ona görə də mən bu rolu üzərimə götürməyə hazıram. Komandam üçün qol vurmağa başlamağı səbirsizliklə gözləyirəm".

Qurbanlı üzərində təzyiq hiss etdiyini, lakin bunun ona mane olmadığını bildirib: "Bu, məni narahat etmir, təzyiq futbolun bir hissəsidir və onsuz inkişaf edə bilməzsən. Mənim işim qol vurmaqdır və mən həmişə komandaya töhfə vermək üçün çox çalışıram. Burada yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Xatırladaq ki, Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalyıb.