Musanın gedişi bizi niyə ümidləndirib?
- 06 İyl 2023 16:57
- 980
Qəribə dünyada yaşayırıq. Nədənsə bizim həmyerlilərimizə elə gəlir ki, azərbaycanlı futbolçu dərhal Madrid “Real”ına, yaxud da “Barselona”ya transfer olunası, orda oynayası səviyyədədir. İspaniyanın nəhənglərinə alınmasa da, ən pis ehtimal İngiltərə Premyer Liqasından, yaxud da İtaliyanın A seriyasından bizimkilərə mütləq müştəri çıxmalı, özəl təyyarə ilə onları uzaqlara aparmalıdılar. Ondan sonra da azərbaycanlı futbolçunun önünə milyonluq avro ilə ölçülən müqavilələr qoyulmalı, bizimkilərin tanınmış klublarda forma geymələri qarşılığında irəli sürdüyü bütün tələblər qeyd-şərtsiz yerinə yetirilməlidir.
Bizim Xviça Kvaratsxeliyamız yoxdur. Kaxa Kaladze də azərbaycanlı olmayıb. Mən hələ uzaq keçmişi qurdalayıb, sovet dövrünə səyahət etmək fikrində deyiləm. 31 ildir ki, müstəqilliyimizi bərpa etmişik. AFFA-nın yaranmasından da 30 il ötüb. Bu illər ərzində milyonları göyə sovurmuşuq, amma and içəndə adını çəkməyə, nüfuzlu turnirlərdə baxıb qürurlanamağa, milli komandamızın ağır yükünü çiyinlərinə qaldırıb, çulunu sudan çıxarmağa bircə futbolçumuz da yoxdu. Erməniləri səhər-axşam söyürük, ələ salırıq. Amma acından günorta duran dığaların Henrik Mxitaryanı var, o da gedib Çempionlar Liqasının finalına yüksələn komandası üçün qol vurur. Dünya da bütün bunları görür, həqiqətləri başa düşür.
Azərbaycanın ən yaxşı 2-3 futbolçusundan biri, “Neftçi”nin kapitanı Emin Mahmudovun qışdan bəri adı cürbəcür klublarla hallanırdı. Hazırkı klubu ilə müqaviləsi bitən futbolçu təxminən iki aydır ki, uzaq Çindən gələcək milyonluq təklifi gözlədi. Kimlərsə onu inandırmışdı ki, qiyməti bir milyon dollara çatıb, “Neftçi”ylə yeni müqavilə imzalamasın. Sonradan məlum oldu ki, ona “Neftçi”dən çox pul təklif edən yoxdur, əlacı hər yerdən kəsilən kapitan qiymətini cüzi artırıb, hörmətini xeyli azaltdıqdan sonra “ağ-qaralar”la yeni müqaviləyə imza atdı. Əminəm ki, bundan sonra Emin də acı həqiqəti başa düşdü, reallığı qəbul etdi.
Eminlə birlikdə Rusiyada məktəb görmüş, uşaq vaxtı peşəkar mütəxəssislərdən futbolun sirlərini öyrənmiş Ramil Şeydayev bu mövsümü yaxşı keçirdi. Adam Azərbaycan Premyer Liqasında 22 qolla ən məhsuldar futbolçu oldu, “Qarabağ”ın çempionluğuna böyük töhvə verdi. Üstəlik, avrokubokların qrup mərhələsində də özünü pis göstərmədi, Afinada “Olimpiakos”un qapısına vurduğu qolu xatırlamaq kifayətdir. Sonrası nə oldu? Hansı Avropa klubu Ramilin önünə milyonluq müqavilə qoyub, ona ciddi təklif göndərdi? Beləsi olmadı. Şeydayev də daha çox qazanmaq fürsətini dəyərləndirib, uzaq Tailand çempionatına yollandı. Onu orda nəyin gözlədiyini heç ən nikbin futbol mütəxəssisi də deyə bilməz.
Bəli, bütün bunlar günümüzün acı reallığıdır. Həm Ramilin, həm Eminin düşdüyü duruma təəssüflənirik. Amma bizi ümidləndirən məqam da var. Bu da Musa Qurbanlının İsveçə yollanmasıdır. Düzdür, Musaya da milyonlar verilməyib. Heç “Yurqorden” də Avropanın öncüllərindən deyil. Di gəl ki, Musanın istedadı bizi ümidləndirir, onun İsveç çempionatından trampilin kimi istifadə edəcəyinə inamı gücləndirir. Qurbanlının klub televiziyasına verdiyi müsahibə zamanı soyuqqanlı davranışı, özünə inamlı görüntüsü çox şeydən xəbər verirdi. İnşallah, Musa bizi yanıltmayacaq. Uğur olsun, Qurbanlı!