Gec də olsa Mutunun təyinatı haqda da geniş yazım, bəlkə kiməsə maraqlı ola bilər))) Öncə ondan başlayım ki, bu tip futbol adamlarının Azərbaycana gəlişinin hər zaman tərəfdarı olmuşam. Çünki Mutu dünya ulduzudur, çevrəsində də yetərincə ulduz insanlar yer alıb. Yəni ölkənin tanınması baxımından bizə plusdu.

 

Futbolçu kimi də əla futbolçu olub, mən Mutunun oyununu canlı olaraq 1999-cu ilin 30 martında Azərbaycan U21-Ruminiya U-21 matçında izləmişdim. 10 ya 11-də oxuyurdum, hazırlıqlara vaxt çox gedirdi, amma Rumıniyanın adına görə getmişdim. O vaxt U-21 ev oyunlarını Sumqayıtda keçirirdi. Həmin oyunda Rumıniyanın heyətində 10 nömrəli futbolçu aşkar seçilirdi. Söhbət də gəzirdi ki, onu "Çelsi" istəyir. Sonradan həqiqətən də "Çelsi"yə transfer olunmuşdu. Rumıniyanın 2:0 qələbə qazandığı oyunda hesabı da məhz Mutu açmışdı. Sonradan şöhrətpərəstlik, xüsusilə də narkotikə aludəçilik olmasaydı, bəlkə də Hacı səviyyəsinə qədər qalxa bilərdi...

 

Amma təbii ki, biz bu gün futbolçu Mutunu yox, məşqçi Mutunu müzakirə edirik. Dünəndən fikir verirəm, müşahidə edirəm, hədsiz fərqli fikirlər var. Təbii ki, "Neftçi" fanatları, "Neftçi" üçün can qoyan, "Neftçi" üçün əsən azarkeşlər hətta ürəklərində "bu da o deyil" desələr belə, yenə gözləri müsbət söz, koment axtarır ki, təsəlli tapsınlar, ümidlənsinlər. Bu statusda onları da nəzərə almağa çalışacam. Amma bununla belə, həm də çalışacam ki, bacardığım qədər obyektiv olum.

 

Əslində tip olaraq, pis deyil. Ulduz və zəngin futbolçu keçmişi var, ad-sanı girişdə qeyd elədim, cavandı, enerjilidi. Məhz bu tip məşqçiləri ölkəyə gətirmək lazımdır. Üstəlik, uğura acdı, bəlkə də "Neftçi"nin baş məşqçi olaraq, özünü Avropaya sübut etmək üçün alışıb-yanır. Maddi baxımdan da münasib seçimdi. Adamın bütün məşqçi korpusu ilə birlikdə alacağı illik maaş Sərgənin tək özü üçün tələb etdiyi məbləğdən az qala iki dəfə azdı. Yəni məsələdə pozitiv çalarlar axtarsaq, taparıq. Heç kim də birmənalı şəkildə deyə bilməz ki, 100 faz uğursuz olacaq. Bəlkə də "Neftçi"ni çempion elədi. Peşəkar yanaşmaq istəyiriksə, bu məqamlar qəti istisna edilməməlidir. Amma burda söhbət uğurla-uğursuzluq arasındakı faiz nisbətindən gedir. Neqativi artıran səbəblər də həmin arada pərçimlənib.

 

Mutunun "Neftçi"də uğurlu olmaq şansını azaldan əsas məsələ təbii ki, onun bu günə qədər məşqçi kimi özünü sübut edə bilməməsidir. 2017-ci ildən köməkçi-məşqçi kimi məşqçiliyə başlayıb. 2018-dən baş məşqçi olaraq çalışır. Söhbət heç ondan da getmir ki, nəticəsi olmayıb. Məşqçi var ki, nəticə qazanma bilmir, amma baxımlı oyun oynada bilir, sistem qurur, sadəcə, hansısa məqamda axsama, boşluq, yaxud hansısa obyektiv səbəb nəticə qazanmağa imkan vermir. Mutunun çalışdırdığı komandalarda bu da olmayıb. Adam ilk dəfə 2018-ci ilin aprelində "Voluntari"nin baş məşqçi təyin olunub, 2 illik müqavilə bağlanıb, iyunda göndərilib. Təsəvvür edin, sən nə qədər bərbad işləməlisən ki, səninlə 2 illik müqavilə bağlayıb 2 aydan sonra göndərirlər. Bİr müddət Səudiyyə Ərəbistanında ikinci məşqçi işləyəndən sonra, 2020-ci ildə Rumıniyanın U-21 millisinə baş məşqçi təyin olunub, düzdür, komandanı final mərhələyə çıxardıb, amma orda da qrupda qaldığı üçün növbəti dəfə vaxtından əvvəl istefaya göndərilib. 2021-ci ilin aprelində "Craiova"ya baş məşqçi təyin edilib, 2 illik müqavilə bağlayıb, amma oktyabrda, yəni 6 ay sonra yenə vaxtından əvvəl və yenə uğursuz fəaliyyətə görə istefaya göndərilib. "Neftçi"yə gəlməmişdən əvvəl "Rapid"də işləyirdi və deyilənə görə, uğursuzluğa görə ordan da qovulmaq ərəfəsində idi. Hətta Rumıniya millisinin veteran futbolçularından birinin açıqlamasını da oxudum, o da eyni fikiri söyləmişdi ki, onsuz da kubokda müarizəni dayandırandan sonra "Rapid" azarkeşləri onun istefasını tələb edirdi, rəhbərlik çətin ki, uzun müddət Mutunu qoruya bilərdi. Bu mənda "Neftçi"dən təklif göydəndüşmə oldu ki, qovulmamış özü getdi. Bax belə.

 

İndi təbii ki, böyük suallar çıxır ki, SOCAR rəhbərliyi ("Neftçi" rəhbərliyinin bu seçimdə rolunun olmadığı deyilir), konkret Rövşən Nəcəf hansı meyara söykənib bu cür uğursuz məşqçini "Neftçi"yə gətirib. Məşqçi kimi uğursuzluğu bir yana, şəxsi həyatı, rejimi, narkotikdən tam qurtulmaması da passivinə yazılan məqamlardı. Futbola aidiyatı olmasa da, amma razılaşın ki, futboldan kənar amillər də bəzən birbaşa futbola təsir edir. Qərar qəbul olunanda bunlar nəzərə alınmalı idi. Zatən qərar gec qəbul olundu. Zamanın bir hissəsi Regekampla təzminat söhbətinə getdi, bəlli məbləğ ona ödəndi. Zamanın çox hissəsini Sərgən Yalçınla danışıqlar aldı, o da uğusuz oldu. Sən adamın ardınca İstanbula şəxsi təyyarə göndər Bakıya gəlsin, sonra da danışıq alınmasın geri qayıtsın. Pis çıxmasın bu, kiminsə atasının, babasının şəxsi pulu deyil e havaya sovurasan, xalqın, dövlətin puludu, hər qəpiyi məsuliyyərdi. Uzun sözün qısası, az öncə sadaladıqlarım Mutunun "Neftçi"də uğur qazanacağına ciddi şübhələr yaradır. Amma gəlibsə, müqavilə imzalanıbsa, ilk növbədə "xeyirli olsun" deyək və gözləyək. Konfrans Liqası heç, zatən orda uğursuzluq olsa belə, şəxsən mən buna görə Mutunu qınamayacam. Qvardiolanı, Mourinyonu da gətirsən, 20 günə möcüzə edən deyillər. Mutunun baş məşqçi kimi işinə ancaq sentyabr-oktyabrda müəyyən qiymət vermək olar. Gözləyək və gedişatı izləyək.

 

Anar XANLAROV