Hazırda bütün ölkəmiz Qarabağda qazanılan möhtəşəm qələbəmizi qeyd edir. Həqiqətən də şanlı ordumuz 44 günlük müharibədə həm torpaqlarımızıə işğaldan azad etdi, həm də düşmənə sarsıdıcı zərbə vurdu. Ali Baş Komandanın təbirincə desək, Ermənistan ordusu yox kimi bir şeydir, 80 faizi məhv olub. Bir sözlə, bütün ölkə bu ordu ilə fəxr edir, qürur duyur. Azərbaycan ordusunun adı keçən hər yer, hər şey ön sıradadır. Hazırkı məqamda ordumuzun adına yaraşmayan, onun nüfuzu ilə daban-dabana zidd olan bir məqam var...

 

I Divizionda Azərbaycan ordusunu təmsil edən bir komanda var - MOİK. Neçə illərdi aşağı divizionda mübarizə aparır. Vaxtı ilə yüksək liqada da çıxış edib. Düzdür, iddialı komanda olmayıb, amma zamanla öz mübarizliyi ilə seçilib. Hətta 1997-98-ci il mövsümündə bir ara liderlər sırasında da yer almışdı. Bu komandanın heyətində vaxtı ilə Azərbaycan futbolunun tanınmış simaları olan Samir Əliyev, Zaur Tağızadə, Alim Qurbanov, İsmayıl Məmmədov və s. futbolçular çıxış edib. Bir vaxtlar bu komanda hərbi çağırış yaşı çatmış futbolçular üçün ən uyğun yer idi. Futbolçular hərbi xidmət müddətində həm xidmətlərini çəkirdilər, həm də futbollarını oynayaraq formalarını qoruyurdu. Çox böyük təəssüflə qeyd edirik ki, hazırda o komandadan əsər-əlamət yoxdur. Bir ara Rusiyada olduğu kimi, bizdə də MOİK-i peşəkar komandaya çevirmək, ona sponsorlar cəlb etmək planları olsa da təəssüf ki, bunu reallışdırmaq mümkün olmadı. 

 

Bu gün MOİK komandası I Divizionda çıxışlarını davam etdirir. Lakin ordunun adına layiq olmayan bir şəkildə. Autsayder, zəif, rəqibləri üçün asan yem rolunda. MOİK cari mövsüm 10 oyundan 1 qələbə, 3 heç-heçə və 6 məğlubiyyətlə sonuncu pillədə qərarlaşıb. Aktivində cəmi 6 xal olan "hərbçilər" rəqibq apılarından 11 top vurduğu halda öz qapısından 23 top buraxıb. Bir sözlə, təmsil etdiyi müzəffər ordunun adına yaraşmayan bir göstərici. Bu günə qədər bu məsələyə önəm verməyən yəqin ki, bundan sonra ayılmalıdır. İstər Müdafiə Nazirliyinin aidiyatlı şəxsləri, istərsə də lap AFFA-nın özü. İşğaldan azad olunmuş ərazilərdə süni meydançalar salmağa hazırlaşan federasiya bu səxavətini ordudan yana da xərcləməlidir. Öz tərəflərindən təşəbbüs göstərməli, MOİK-in iddialı olması və yenidən Premyer Liqaya dönüşü üçün əməli fəaliyyətə başlamalıdır. Onlar da futbol qurumu, ölkədə futbola cavabdeh olan şəxslər kimi, üzərlərinə düşəni etməli, məsələnin mahiyyəti haqda Müdafiə Nazirliyi ilə danışıqlara başlamalıdır. Azərbaycan ordusunu təmsil edən komanda bu cür biabırçı durumda olmamalıdır.  Hansı ki, məşq etməyə, ev oyunlarını keçirməyə stadionu belə yoxdur. Hətta birlikdə çalışıb növbəti mövsümdən MOİK-in elitada çıxışını təmin etmək lazımdır. Qalib, lider ordunun komandası məğlub, autsayder mövqeyində ola bilməz...

 

Anar XANLAROV