"Nadir Bayramlı 100 dolları papkanın üstünə atdı ki, məndən şirinlik olsun" YAZI (II HİSSƏ)
- 16 Noy 2023 17:00
- 662
Füzuli futbolunun tarixindən bəhs edən yazımısının ikinci hissəsini sizə təqdim edirik:
“Planımız var idi ki, komandaya avtobus alaq, Horadizdən baza kimi istifadə edək”
“Ərgünəş”in baş məşqçisi olmuş Firdovski Mehrəliyev 2004-cü ildə Həvəskarlar Liqasındakı çıxışlarını da xatırlayır. Komandanın ikinci qayıdışından, gələcəklə bağlı qurulan və sonradan alt-üst olan planlarını nəql edir: “Bəli, 2004-cü ildə qərara aldıq ki, Həvəskarlar Liqasında oynayaq. Bu işdə bizə Adil Nadirov da böyük köməklik etdi. Baxmayaraq ki, özü ağdamlıdır, amma bizə dəstəyini əsirgəmədi. Beləliklə, 2005-ci il futbol mövsümündə Həvəskarlar Liqasında mübarizəyə başladıq. Təbii ki, bunun üçün maddi dəstək də lazım idi. Ona görə bu işdə bizə kömək olan insanların da adlarını çəkmək istərdim. İlk növbədə Füzulidən olan iş adamı Azər Hüseynovun adını qeyd edərdim. Bizi də o insanla tanış edən müğənni Nadir Bayramlı oldu. Burdan ona da öz təşəkkürümü bildirirəm. Azər müəllim bir il komandaya sponsorluq elədi. Bunun sayəsində 2005-06-cı il futbol mövsümündə Həvəskarlar Liqasında mübarizə apardıq. Yaxşı da heyətimiz var idi və həmin heyətlə Həvəskarlar Liqasında 3-cü yeri tutduq. O vaxt Azər müəllimlə böyük planlarımız var idi. O özü də Füzulidən idi, Horadizdə doğulmuşdu. Planlarımız var idi bir il Həvəskarlar Liqasında oynadıqdan sonra I Diviziona hazırlaşaq. Hətta Azər müəllimin belə bir fikri var idi ki, komandaya ayrıca avtobus alsın, Horadiz Olimpiya Kompleksi bazamız olsun və s. Lakin təəssüf ki, bir ildən sonra şəxsi işləri ilə bağlı problemlər ortaya çıxdı və komandaya baxa bilmədi. Elə oldu ki, nəinki I Divizion, heç Həvəskarlar Liqasında da oynaya bilmədik. Ona görə də 2006-cı ildə “Ərgünəş” rəsmən fəaliyyətini dayandırdı”.
“Nadir Bayramlı 100 dolları papkanın üstünə atdı ki, məndən şirinlik olsun”
Firdovsi müəllimlə bir məsələ ətrafnda da müzakirə apardıq. Məlum məsələdir ki, Füzuli rayonundan kifayət qədər imkanlı şəxslər var. İstər iş adamı olsun istərsə də sənət adamı. Elə incəsənət sahəsinə, şou-biznesə nəzər salsa bu rayondan olan xeyli imkanlı şəxsin olduğunu görərik. Məsələn, Manaf Ağayev, Nadir Bayramlı, Zamiq və s. Görəsən onlar nəyə görə doğma rayonlarının komandasına yardım əlini uzatmırlar, ən azı çevrələrini bu işə cəlb etmirlər? Ümumiyyətlə, onlara bununla bağlı müraciətlər olubmu? Həmsöhbətimizin bu məsələ haqda fikirləri belə oldu: “Komanda 2006-cı ildə fəaliyyətini dayandırsa da onun yenidən bərpası üçün bir neçə dəfə cəhd etmişik. Məsələn, ilk olaraq rayonumuzun icra başçısı Alı müəllimə kömək üçün müraciət elədik. Sağ olsun bizi qəbul elədi, təklifimizi dinlədi, ümumilikdə fikrimizi,ideyamızı dəstəklədi. Ondan sonra müavini ilə də görüşümüz oldu.Onlar da istəyir ki, Füzulinin komandası olsun. Amma bir problem var ki, rayon rəhbərliyinin futbolçulara maaş vermək imkanı yoxdur. Yəni o imkan onların gücü daxilində deyil. Alı müəllim deyir ki, mənim gücüm buna çatar ki, komanda olsa Horadiz Olimpiya İdman Kompleksini təmənnasız sizin ixtiyarınıza verərəm. Oyun qabağı komanda gedib kompleksin otelində qalar, orda yemək yeyər, məşq edərdi. Amma komandanı il boyu saxlamaq üçün mütləq sponsor lazımdır. Ondan sonra getdim PFL prezidenti Ramin Musayevlə görüşdüm, ondan kömək istədim. Sağ olsun məni səmimi qəbul elədi, fikirlərimi dinlədi. O vaxt o da mənə dedi ki, Füzulidən bu qədər iş adamı var. Elə öz çevrəsindən neçəsini misal çəkdi. Hətta bildirdi ki, onların bir günlük yemək xərcinə Füzulinin komandasını bir ay saxlamaq olar. Mənə dedi ki, o iş adamlarından birini razı salıb gətirin görüşək biz də PFL, AFFA olaraq o iş adamına öz tərəfimizdən bacardığımız dəstəyi, güzəşti edərik. Sonra da elə oldu ki, ölkədə vəziyyət dəyişdi. Məlum devalvasiya, neftin qiymətindəki kəskin ucuzlaşma, bunlar hamısı futbola da təsirsiz ötüşmədi. Ondan sonra kiminsə qapısına getməyin də adı yox idi. Odur ki, çəkilib durduq kənarda.
O ki qaldı müğənnilərə, bayaq Nadir Bayramlının adını çəkdim. Nadir müəllim rayonda bizim qonşumuz olub. Xanlar 14 küçəsindəki binada qalırdıq. Səmimi deyim, yaxından tanımayana qədər onun haqqında tamam başqa düşüncəyə malik idim. Düşünürdüm ki, çox eqoist, özündən razı insandır. Çünki görünüş olaraq o cür təsir bağışlayırdı. Aramızda yaş fərqi də olduğundan rayonda şəxsi tanışlığımız da yox idi. Amma komanda ilə bağlı yanına gedəndə ilk dəfə onda ünsiyyət qurduq və fikirlərimdə nə qədər yanıldığımı gördüm. Nadir müəllim çox sadə, səmimi insan idi. Məni ofisində qəbul elədi görüşdük, danışdıq, problemimizi ona dedim. Dedi 1-2 gün vaxt verin kömək etməyə çalışacam. Həqiqətən də bir gün sonra zəng elədi ki, komandaya kömək etməyə razı olan bir şəxs tapmışam bəs sənədləri də götür gəl Bakıya. Həmin günü sənədləri götürüb getdim Bakıya və məni Azər müəllimlə tanış elədi. Azər müəllimlə də görüşdük, danışdıq o da sağ olsun sponsorluğu götürdü boynuna. O vaxt Həvəskarlar Liqasında oynamaq üçün 600 manat üzvülük haqqı da tələb olunurdu və elə ordaca 600 manatı çıxardıb ödədi. Yadımdadı, Nadir müəllim də çıxardıb 100 dolları komandanın sənədləri olan papkanın üstünə atdı ki, bu da məndən şirinlik olsun, forma alarsınız. O vaxt da 100 dollar az pul deyildi".
“Manaf Ağayevin qardaşı dedi ki, inanmıram o, bu işə qol qoya”
“Manaf Ağayevə gəlincə, düzünü deyim, ona rus deməli” xod” tapmaq üçün çox çalışdıq. Hətta atamı da bu işə qoşdum ki, o da bacardığı köməyi eləsin. Bizə lazım idi ki, Manaf müəllimlə şəxsən görüşüb üz-üzə danışaq və kömək istəyək. Çünki Manaf müəllimin çevrəsi daha böyükdür. Həm Azərbaycanda, həm də Rusiyada. O, istəsə bizə kömək edə bilərdi. Qardaşı Riad müəllimlə görüşdük. O da yaxşı musiqiçi idi. Görüşümüz Dərnəgüldə baş tutdu və o, bizə dedi ki, Manafın bu işə qol qoyacağına inanmır. Ondan sonra Sumqayıt Futbol Federasiyasının sabiq prezidenti rəhmətlik Yaşar Şamilovla görüşdük o da bizim yanımızda Manaf Ağayevə zəng etdi. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmədik. Mən özüm Manaf müəllimlə şəxsən görüşüb üz-üzə danışmadığım üçün tam olaraq deyə bilmirəm ki, o, komandaya köməkdən imtina etdi. Amma məlumdur ki, məsələdən xəbərdar olmamış olmazdı. Yəqin ki, kömək etmək niyyəti olsa, edərdi".
“Sponsor olsa günü bu gün komanda yığıb I Divizionda oynamaq olar”
Firdovsi müəllim iddia edir ki, hansısa iş adamı ortaya çıxsa günü bu gün yaxşı komanda yığıb I Divizionda oynamaq və yüksək yer tutmaq olar. Təki maliyyə olsun: “Səhərdən Füzulidən olan iş adamları, müğənnilər haqında danışdıq. Təbii ki, ilk növbədə bu rayonun imkanlı şəxsləri qabağa durmalıdır. Amma şəxsən mənim üçün fərqi yoxdur, sponsorluq etmək istəyən adam Füzulidəndir, yaxud Azərbaycanın başqa bölgəsindən. Bu gün baxırıq “Qarabağ” komandası bu cür uğurlara imza atır. Məgər “Qarabağ”ın sponsoru ağdamlıdır? Təki qabağa çıxıb komandaya dəstək olsunlar. İnanın ki, təsisçiliyi ikiəli onlara verməyə razıyam. Hazır komandadır, bütün sənədləri də var, qeydiyatı var, Kapital Bankda hesabımız da var. Təki rayonumuzda komanda olsun. Sizi inandırıram ki, bunun üçün böyük məbləğ də lazım deyil. Dəfələrlə hesablamışam, smeta tutmuşam. İl ərzində 150-200 min manat bəs edər. İmkanlı şəxslər üçün nə puldur ki, övladlarının sürdüyü maşının qiymətidir. Halbuki o pulu futbola qoysalar, həm məcburi köçkün rayona böyük futbolu qaytararlar, bu komanda futbol arenamıza daxil olar, həm də bu komandada nə qədər adam ailəsinə çörək aparar. Görün bu işin nə qədər savabı var. Tək Füzuli yox, bütün məcburi köçkün rayonlarımızda futbolun olmasını istəyirəm. O bölgələrin adını yaşatmaq lazımdır. Heç olmasa I Divizionda oynamaları mümkünsüz deyil axı. Sumqayıtda məşq edib Horadizdə oynamaq da olar. Əminəm ki, oyunlarımıza nə qədər adam gələr. Bu gün futbola maraq bölgələrdədir. Bakıda keçirilən oyunlara baxırıq da, tribunalar həmişə boş olur”.
Həmsöhbətimiz hazırda Füzulidən olan və Premyer Liqada oynayan futbolçular haqda da danışdı: “Füzulinin komandası olmasa da buranı futbol rayonu adlandırmaq olar. Keçmişdə rayonumuzdan çıxan tanınmış futbol adamlarının alarını çəkdik. Bu ənənə indi də davam edir. Rauf Əliyev, Qara Qarayev, Səlahət Ağayev kimi füzulili futbolçuları qeyd etmək olar. Şəxsi tanışlığımız olmasa da bir füzulili kimi onlarla fəxr edirik. Qara həm “Qarabağ”ın həm də milli komandanın əvəzolunmaz futbolçularından olub. Özü də o uşaq çadır şəhərciyindən çıxan uşaqdır. Öz zəhməti, əziyyəti ilə bu yerə gəlib. Səlahət də həmçinin həm “Neftçi”nin, həm də milli komandamızın qapıçısı olub. Rauf Albaniyada legioner həyatı yaşayıb. Onlarla tək biz yox, bütün Azərbaycan fəxr edir. Tək onlar deyil, Vüqar Nadirovu da qeyd edərdim. Hamı onu ağdamlı kimi tanıyır. Düzdür, atası ağdamlıdır, Ağdamda doğulub. Amma anası Füzulidəndir bir tərəfi də bizə qohumdur. Elə ötən gün də xeyir işdə iştirak etmək üçün Sumqayıta gəlmişdi, görüşdük, hal-əhval tutduq. Yəni Vüqar Nadirovu da 50 faiz füzulili saymaq olar (gülür)”.
Ardı var...