Artıq bir ilə yaxındı ki, AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif aşağı yaş qrupu üzrə çempionatlar, Region Liqası pandemiya səbəbindən keçirilmir. Ancaq bugünlərdə yoluxma sayında ciddi azalma olduğundan Operativ Qərargah müəyyən yumşalmalara gedib. Hətta fevralın 1-dən Təhsil Nazirliyi ibtidai siniflərdə əyani təhsilə icazə verib. Fevralın 15-dən isə yuxarı sinif şagirdləri də sinif otaqlarında dərs keçəcəklər, ali məktəb tələbələri universitetlərin qapısını açacaqlar. Bəs görəsən, bütün bunların fonunda AFFA liqalarda yarış təşkil edəcək, Region Liqası komandaları mövsümə başlayacaq? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün assosiasiyanın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə danışdıq.

 


- Artıq Təhsil Nazirliyi də məktəblərdə əyani təhsilə icazə verib. Fevralın 15-dən isə yuxarı sinif şagirdləri, həmçinin ali təhsil ocaqlarında təhsil alan tələbələr də dərslərə başlayacaq. Belə olan halda AFFA-nın müxtəlif yaş qrupları arasında keçirilən çempionatlara başlamaq fikri var?
- Gəlin hər şeyə real yanaşaq. Mən sizə bu gün üçün dəqiq heç nə deyə bilməyəcəm. İndi bu məsələ müzakirə mərhələsindədi.
- Kimlərlə müzakirə edirsiz?
- AFFA daxilində gedir bu müzakirələr. Konkret qərar olandan sonra bunu ictimaiyyətə açıqlayacağıq. Bəzi məsələlər var ki, onu tam açıqlaya bilmirəm. Bu üzdən müəyyən vaxta ehtiyacımızın olduğunu deyirəm. Bütün suallara aydınlıq gələndən sonra tarixlə bağlı konkret fikir səsləndirə bilərəm. Daxili müzakirələrdən sonra Operativ Qərargahla da razılaşmaq lazımdı. Yuxarı siniflərdə və ali məktəblərdə dərslərin fevralın 15-də başlayacağı ilə bağlı rəsmi qərar yoxdu.
- Bu gün mətbuatda bununla bağlı xəbərlər yayıldı. Sizcə, bu yalan xəbərdi?
- Yenə deyirəm, ortada rəsmi qərar yoxdu.
- Sizcə, Təhsil Nazirliyi Operativ Qərargahla razılaşmadan bu xəbəri mediaya sızdırıb?
- Orda bir sıra situasiyalar var. Məsələn, 9-cu sinif deyəndə bu U-14 liqası deməkdi. U-15, U-16, U-17, U-19 ilə bağlı vəziyyət necə olacaq? Bu məsələlərlə bağlı nazirliklə məsləhətləşirik. İstəyirik qərar veriləndə hamısına şamil olunsun. Bu gün belə, sabah başqa cür qərar qəbul olunmasın. Liqalarda yarışın hansı formatda keçirilməsi də vacib məqamdı. Bu üzdən AFFA-nın Texniki, Kütləvi Futbol Departamenti ilə müzakirələr aparırıq. Əlimizdə dəqiq sənəd olandan sonra onun əsasında danışa, ətraflı bilgi verə bilərəm.
- Region Liqası ilə bağlı nə planlar var?
- Hazırda onun da müzakirəsi gedir. Biz istəyirik ki, həm uşaq liqaları, həm də Region Liqası başlasın. Sadəcə, zamanla bağlı suallar var. Düşünürəm ki, yaxın 3-4 gün ərzində bütün qaranlıq məqamlara aydınlıq gələcək.
- Ötən ilin dekabrında sizinlə danışanda bildirmişdiz ki, Region Liqası üçün qeydiyyat artıq başa çatıb. Cari mövsümdə liqada neçə komandanın iştirakı planlaşdırılıb?
- Bəli, qeydiyyat başa çatmışdı. Ancaq əvvəlcə pandemiya, sonra isə Vətən müharibəsi səbəbindən yarış təxirə salındığından qeydiyyatın vaxtını uzatdıq. Region Liqasına qatılmaq istəyən komandalara əlavə vaxt verdik ki, sənədlərini qaydaya salıb qeydiyyatdan keçsinlər. Bundan başqa, komandaların yeni transfer etmələrinə də şərait yaratdıq. İstəmədik ki, kimlərəsə bürokratik əngəllər yaradaq. Belə deyək, liqa start götürənə kimi iştirakçılara yeni mövsümə istənilən səviyyədə hazırlaşmaq fürsəti yaratdıq.
- İlkin mərhələdə neçə komanda qeydiyyatdan keçmişdi? Və bu gün onların sayı nə qədərdi?
- İndiki vəziyyətdə say deməyim doğru olmaz. Komandalar qeydiyyatdan keçməklə yanaşı, tələblərimizə də cavab verməlidilər. Eləsi var, bunu edib. Eləsi də var ki, tələblərimizi yerinə yetirəcəklərinə söz veriblər. Bu üzdən indidən say açıqlamaq istəmirəm. Fikrimcə, yaxın bir həftə, 10 gündə yekun sayı elan edəcəyik.
- Çempionat gec başlayacağından yəqin əvvəlki illərlə müqayisədə yarışın formatında dəyişiklik olacaq. İyunda Bakıda Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcəyindən bütün yarışlar maya kimi başa çatmalıdı...
- Hazırda bu məsələ də müzakirə olunur. Eyni formatı saxlayıb dövrələrin sayını azaltmaq və ya ümumiyyətlə, formatı dəyişmək barədə düşnünürük. İndi hazırlıq mərhələsidi.
- Futbol ictimaiyyəti arasında belə söz-söhbət gəzir ki, pandemiya səbəbindən bizdə U-19 Gənclər Liqası keçirilməyəcək. Keçirilsə belə, həmin komanda növbəti mövsümdə ölkəmizi UEFA Gənclər Liqasında təmsil etməyəcək. Bu məsələyə münasibət bildirməyinizi istərdik.
- Bu məsələ gündəmimizdə deyil. Liqalarda çempionat keçiriləcəksə, U-19 liqasında da komandalar mübarizəyə qoşulacaq. Heç bu haqda müzakirə olmayıb. Ola bilər ki, vaxt baxımından Gənclər Liqasının formatında da dəyişiklik olsun.
- Belə çıxır ki, müxtəlif yaş qruplarının çempionatında bu il üçün yeni format tətbiq olunacaq...
- Onsuz da pandemiyaya görə liqalarla bağlı müəyyən dəyişikliklər nəzərdə tutulmuşdu. Eyni zamanda ehtiyat vaxt fikirləşmişdik. Yəqin bir həftə ərzində bu sualınıza da cavab verə biləcəyik. ("Futbol plus")