Naməlum gələcək və ya tək ümid Qəbələ YAZI
- 05 Avq 2020 13:00
- 1111
Operait Qərargah yeni qərarlarını açıqladı. Təəssüf ki, ictimaiyyətin bütün ümidləri suya endi. Çünki böyük əksəriyyət daha çox yumşaldılmaya gediləcəyini gözlədiyi halda hökumət sadəcə, çimərliklərə getməyə icazə verdi. Bir də sms icazəsi ləğv edildi. Qalan bütün qadağalar saxlanıldı. Baxmayaraq ki, sağalma sayı yoluxma sayından 3 dəfəyədək artıqdır. Qadağalar sırasında idmanın, xüsusilə də futbolun saxlanılması bizi daha çox məyus etdi. Çünki qarşıdan avrokubok oyunları gəlir. Ardınca yeni mövsüm start götürməlidir. Hətta PFL ilkin olaraq 15 avqust tarixini açıqlayıb daha sonra onu 21 avqusta dəyişdirmişdi. Lakin Operativ Qərargahın dünənki konfransı göstərdi ki, yeni mövsümə, ümumiyyətlə, avqutsa start vermək real görünmür. Düzdür, klublarımız hazırda Qəbələdə toplanış keçir. Lakin “Qəbələ” xaric, qalan klublar Bakı və Abşeronda məskunlaşıb. Bu ərazidə isə sərt karantin rejimi ayın sonuna kimi uzadılıb. Demək ki, onların ayın sonuna kimi Bakıya qayıdıb burada hazırlıq keçmələri mümkün olmayacaq. Avrokuboklarda oynayacaq klublarımızın işi ikiqat çətindir. Çünki qadağa olduğu üçün onlar rəqiblərini evdə qəbul edə bilməyəcək. Ya hökumət bunun üçün istisna icazə verməlidir, ya da bütün klublarımız oyunlarını səfərdə keçirmək üçün UEFA-ya müraciət etməlidir.
Yerli çempionatla bağlı isə, vəziyyət fərqlidir. Deyək ki, klublar ayın sonuna kimi Qəbələdə hazırlıq keçdi. Kimsə zəmanət verə bilər ki, sentyabrdan idman qurğuları açılacaq? Heç kimə sirr deyil ki, bizdə futbol hökumət üçün proritet məsələ deyil. Aprel-maydakı ilk yumşaldılmalarda da futbol ən sona saxlanılmışdı. Güman ki, bu dəfə də belə olacaq. Başqa bir problem. Ona da heç kim zəmanət verə bilməz ki, növbəti həftələrdə Qəbələ də yoluxma sayına görə “qaynar xətt”ə düşməyə bilər. Məsələn, Bərdə, Samux kimi. Elə olsa klublarımız Qəbələni də tərk etməli, ya da orada 2 həftəlik karantində qalmalı olacaq. Bir sözlə, vəziyyət çox qarışıq və naməlumdur.
Pozitiv düşünsək belə, PFL ən yaxşı halda yeni mövsümə Qəbələdə başlaya bilər. Əgər Bakı və Abşeronda sərt karantin ayın sonuna kimi qüvvədə saxlanılsa, o zaman yeni mövsümə Qəbələdə start verilə bilər. Paytaxt və yarımadada vəziyyət düzələnə kimi, başqa variant ağla gəlmir. Təbii, bunun özü klublara kifayət qədər əlavə maliyyə hesabına başa gələcək. Amma başqa çıxış yolu yoxdur. Hələ biz Allaha yalvaraq ki, Operativ Qəragah Qəbələni də təhlükəli zonaya daxil etməsin. Onda gərək bir molla tapaq futbolumuzun fatihəsini versin. Vəziyyəti neqativ edən və insanda ruh düşkünlüyü yaradan məsələ isə AFFA-nın bu məsələdə çox passiv davranışıdır. Federasiya əksər hallarda susmağa üstünlük verir və futbolun bərpası üçün lazımı cəhdlərə əl atmır. Halbuki Operativ Qərargahla təcili danışıqlar aparmaq və futbol üçün istisna qərarların verilməsinə nail olmaq lazımdır. Hələ ki, ümidimizi üzmürük.
Anar XANLAROV