“Neftçi”dən getməyə qərar verən Namiq Ələsgərov 50 min avro xərcə düşüb.

Rekord.az-ın məlumatına görə, komanda ilə birgə Finlandiyaya yollanmayan yarımmüdafiəçi ən qısa zamanda azad agent statusu alacaq.

Çünki o, müqavilə üzrə nəzərdə tutulan təzminatı öz cibindən ödəyib.

Yəni ki, vinger “Bursaspor”un ona görə kompensasiya verməsini gözləməyib. Halbuki “Neftçi” rəhbərliyi Premyer Liqanın ötən mövsümünün bombardiri transferinə icazə verilməsi üçün 100 min avro istəyirdi.

O başqa məsələ ki, müqavilədə bu məbləğin yarısı göstərilib. Sənəddə qeyd edilib ki, 50 min avro verilərsə, o, sərbəst agent statusu ala bilər.

Yarmmüdafiəçinin paytaxt təmsilçisi ilə kontraktının bitməsinə hələ 1 il qalıb. Namiq «Neftçi»ni tərk etmək istədiyini 2-3 ay öncə klub idarəçilərinin diqqətinə çatdrıb.

“Neftçi” başbilənlərinin ikiqat artıq pul tələb eləməsinin səbəbi “Bursaspor”un onlardan xəbərsiz Ələsgərovla təmasa qurmasıdır.

“Ağ-qaralar” bununla bağlı Türkiyə klubuna xəbərdarlıq məktubu göndərib və FİFA ilə hədələyib.

Bakılılar məsələnin beynəlxalq məhkəmə müstəvisinə qalxmaması üçün qiyməti 100 min avroya qaldırmışdı. Ancaq Namiq problemin böyüməsinə imkan verməyib. (sportinfo.az)