“Napoli”də üsyan - Futbolçular klubun tələbinə məhəl qoymadılar
- 06 Noy 2019 23:37
- 781
İtaliyanın “Napoli” klubunda rəhbərliklə futbolçular arasında gərginlik artmaqdadı.
Rekord.az xəbər verir ki, Neapol təmsilçisinin futbolçuların klub rəhbərliyinin tələbinin əksinə olaraq, bazada təlim-məşq toplanışında qalmaqdan imtina ediblər.
İtaliya mətbuatının yaydığı məlumata görə, son üç həftədə qələbə qazana bilməyən komanda ötən həftə “Roma” ilə səfər oyununda da 1:2 hesabıyla uduzandan sonra rəhbərlik futbolçuları cəzalandırmağa qərar verib. Belə ki, komanda üzvlərinin bir həftəlik, növbəti turun “Cenoa” ilə oyununa qədər klubun bazasında təlim-məşq toplanışına yığışmasına qərar verilib. Bu bir həftə ərzində onlardan heç biri evinə gedə, ailəsi ilə görüşə bilməzdi və bazada məskunlaşmağa borclu idi. Amma “Napoli” futbolçuları üsyan edərək bu tələbə əməl etməyiblər.
Belə ki, ötən axşam UEFA Çempionlar Liqası çərçivəsində baş tutan “Zalsburq”la oyundan (1:1) sonra komanda üzvləri Neapol klubuna məxsus avtobusa minərək bazaya getmək əvəzinə, hamısı öz evinə yollanıb. Klubun tələbini yalnız baş məşqçi Karlo Ançelotti və onun köməkçiləri əməl ediblər.
Xatırladaq ki, “Zalsburq”la oyundan sonra Ançelotti mətbuat konfransına da qatılmamışdı. Buna isə məhz futbolçuların belə bir qərar verməsi səbəb olub.
Futbolçular bu gün baş tutan səhər məşqindən sonra da bazada qalmaqdan imtina ediblər. Məşq bitəndən dərhal sonra hər kəs evinə yollanıb. İrvinq Lozano, Elyif Elmas və Arkadiuş Milik isə bazadan ayrılan ilk futbolçular olub.
Artıq klub baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, futbolçular bu cür davranışlarına görə cəzalanacaqlar. Artıq bununla bağlı hüquqi araşdırmalara start verilib. Həmçinin futbolçulara mətbuata müsahibə vermək qadağası qoyulub.
Qeyd edək ki, “Napoli” A Seriyasında 11 turdan sonra 18 xalla 7-ci pillədə qərarlaşıb. ÇL-də isə 4 oyuna 8 xalı olan Neapol təmsilçisi yalnız “Liverpul”dan geri qalır – 2-ci yer.