Naxçıvanda beynəlxalq futbol turnirinə start verildi
- 14 Okt 2019 18:40
- 1185
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq 13-14 yaşlı futbolçular arasında Naxçıvanda beynəlxalq turnirə start verilib.
Rekord.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan Kuboku-95” turnirindən Özbəkistanın Respublikasının “Qaraqalpaqıstan” və “Əndican” futbol akademiyaları, Azərbaycanın “Qarabağ” və “Rekord” komandaları ilə Naxçıvanın əsas komandası mübarizə aparır.
13-14 yaşlı futbolçular arasında beynəlxalq turniri keçirməkdə məqsəd Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması, uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, uşaq futbolçuları arasında dostluq münasibətlərini qurmaq, gələn qonaqlara muxtar respublikamızın tarixi, dini-mədəni abidələrini tanıtmaq, Naxçıvanda futbolun kütləviliyinə və inkişafına nail olmaqdan ibarətdir.
Şərur Olimpiya İdman Kompleksinin stadionunda keçirilən beynəlxalq turnirdə komandalar dairəvi sistem üzrə mübarizə aparırlar. Son turdan sonra ən çox xal toplamış komanda turnirin qalibi olacaq. Əsasnaməyə uyğun olaraq hər turda bir komanda istirahət edir. Gün ərzində isə azarkeşlər iki oyuna şahidlik edəcəklər. Təqvimə əsasən turnirin ilk 4 turu kompleksin stadionunda oynanılacaq. Son turun oyunları isə Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Artıq turnirdə ilk turun oyunları keçirilib. Belə ki, azarkeşlər birinci oyunda özbək derbisinə şahidlik ediblər. “Qaraqalpaqıstan” və “Əndican” futbol akademiyalarının görüşü gözləniləndən də gərgin mübarizə şəraitində keçib. Görüş “Əndican” komandasının futbolçularının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda meydanda Naxçıvan təmsilçisi “Rekord” komandasının futbolçularını sınağa çəkib. İlk hissədə qonaqlar cərimə zərbəsindən vurduqları qolla hesabı açıblar. Lakin ikinci hissədə oyunun gedişatında təşəbbüsü ələ alan naxçıvanlı futbolçular “status-kvo”nu bərpa ediblər. Bu oyunda vurulan son qol olmayıb. Görüşün başa çatmasına 3 dəqiqə qalmış rəqibi daha bir dəfə mərkəzə dəvət edən komandamız turnirin ilk turunu 3 xalla başa vurub – 2:1.
Sabah turnirdə daha iki oyun keçiriləcək. Əvvəlcə, meydana “Rekord” və “Əndican” komandaları çıxacaq. Saat 13:00-da başlayacaq görüşdə isə “Qarabağ” – “Qaraqalpaqıstan” komandasını sınağa çəkəcək.
Qeyd edək ki, turnirə oktyabr ayının 18-də yekun vurulacaq və qaliblər təşkilatçılar tərəfindən kubok və medalla mükafatlandırılacaqlar.