Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında futzal liqasına start verilib.
Liqanı keçirməkdə məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət və özəl təşkilatların əməkdaşları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, futzal  idman  növünün, eləcə də sağlam  həyat  tərzinin  təbliğ  edilməsi və bu idman  növünün  kütləviliyinə  nail  olunmasıdır.


Beynəlxalq futzal qaydalarına uyğun olaraq keçirilən liqada 23 komanda mübarizə aparır. İki dövrədən ibarət olacaq futzal liqası 46 turdan ibarətdir. 599 görüşün keçiriləcəyi liqada oyunlar haqqında hər hansı qərar Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən qəbul olunacaq.


Artıq futzal liqasının püşkatma mərasimi keçirilib. Bu gün isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində liqanın açılış görüşü olub. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu gün muxtar respublikamızda idmanın kütləvi hal alması üçün mütəmadi olaraq yarışlar, turnirlər, çempionatlar təşkil edilir. Bunlardan biri də ilk dəfə olaraq keçirilən futzal liqasıdır. Liqada iştirak edən bütün komandaları bu idman bayramı münasibətilə təbrik edir, hər birinizə uğurlar arzulayıram.  
Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev iştirakçı komandaları salamlayaraq bildirib ki, keçirilən liqanın əsasnaməsi futzal qaydalarına uyğun şəkildə hazırlanıb. Burada məqsəd futzalı muxtar respublikada kütləvi hala gətirməklə yanaşı, həm də təşkilatlar arasında dostluq münasibətləri qurmaqdır. Sakit Rzayev iştirakçıları liqa haqqında məlumatlandırdıqdan sonra sonra ilk oyuna start verilib.


İlk dəfə təşkil olunan liqanın püşkatmasına əsasən meydana Dövlət Sosial Müdafiə Fondunun komandası ilə “Badamlı” komandaları çıxıb. Oyunun birinci hissəsində birincilər üstünlüyü ələ alsalar da, bunu sonadək qoruya bilməyiblər. Görüş “Badamlı” komandasının 5:2 hesablı qələbə ilə başa çatıb.


Birinci turun digər görüşləri həftənin şənbə günü – oktyabr ayının 12-də keçiriləcək. Bu turda aşağıdakı komandalar üz-üzə gələcək:
Ədliyyə Nazirliyi - Sığorta Agentliyi
Türkiyə Konsulluğu – “Prestij”
Naxçıvanbank - Fövqəladə Hallar Nazirliyi
Pentensiar Xidmət – Dövlət Dəmiryolu
Təhsil Nazirliyi - Nəqşicahan Holdinq
Daxili Qoşunlar - Mərkəzi Bank
ƏƏSMN - Daşınmaz Əmlak Xidməti
“Ağbulaq” - Mədəniyyət Nazirliyi
Xarici İşlər İdarəsi - Nəqliyyat Xidməti
Antinhisar - Hava Limanı
Bu turda “Cahan Holdinq” komandası iştirahət edir.

 

Qeyd edək ki, may ayında başa çatacaq liqada turnir cədvəlinin ilk üç pilləsini tutan komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar. Liqanın bütün görüşləri Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin zalında keçiriləcək.