Naxçıvanda “İstedadlı uşaqlar–2023” festivalının açılış mərasimi olub
- 03 İyn 2023 18:05
- 568
İyunun 1-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “İstedadlı uşaqlar-2023” festivalının açılış mərasimi keçirilib.
Rekord.az-ın Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindəna aldığı məlumata görə, ali qurumların rəhbərləri və uşaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Sarayında təşkil olunmuş yaradıcı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Heydər Əliyev və Azərbaycan uşaqları” mövzusunda videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə uşaqlara göstərdiyi qayğıdan, Azərbaycan uşaqlarının gələcəyinin formalaşdırılması istiqamətində həyata keçirilən zəngin fəaliyyətdən söz açıb. Qeyd edilib ki, bu il ölkədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsiləvi tədbirlər keçirilməkdədir. Görkəmli dövlət xadiminin əsas prioritet olaraq formalaşdırdığı siyasətin mərkəzində Azərbaycan gəncləri, Azərbaycan uşaqları dayanırdı. Uşaqların təhsili, onların özünüinkişafa, dünyagörüşünə təsir edə biləcək ümumi sahələr diqqətdə saxlanılır, məktəbəqədər təhsil müəssisələrinin, bağçaların inkişafına xüsusi önəm verilir, uşaqlarla bağlı qanunvericilik təkmilləşdirilirdi.
Qeyd edilib ki, Ulu Öndərin formalaşdırdığı dövlət-uşaq siyasəti Prezident İlham Əliyev tərəfindən daim uğurla davam etdirilir. 2009-cu ildə Azərbaycanda “Uşaq ili” elan olunub, Azərbaycan uşaqlarının Ümumrespublika Forumları keçirilib. Bütün bunlar uşaq cəmiyyətinin formalaşdırılması, gələcəyimiz olan uşaqların sağlam ruhda böyüdülməsi, yüksək savada malik şəxs kimi formalaşmasında mühüm rol oynayıb. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün sosialyönümlü layihələr həyata keçirir və bu iş gündən-günə daha artıq vüsət alır.
Vurğulanıb ki, məhz Ulu Öndər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, həmin dövrdə uşaq olan Azərbaycan gəncləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçərək xalqımıza böyük Zəfəri bəxş etdilər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov ölkəmizdə dövlət səviyyəsində uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələ başlanıb. Həmin torpaqlarda aparılan sürətli quruculuq tədbirləri tezliklə həmin torpaqlarda xoşbəxt uşaq gülüşlərinin eşidilməsinə əminlik yaradır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkə başçısının apardığı uğurlu dövlət uşaq siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Muxtar respublikada uşaqların hüquqlarının, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili yönündə çoxsaylı tədbirlər təşkil olunur. Bütün kateqoriyadan olan uşaqlar, eyni zamanda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması təmin edilir, şəhid uşaqları daim diqqətdə saxlanılır, muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində seminarlar təşkil edilir. Həyata keçirilən bütün bu tədbirlər gələcəyimiz olan uşaqların təhsilli, dünyagörüşlü, sağlam və Vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ölkəmizdə, eyni zamanda muxtar respublikada uşaqların yüksək səviyyədə təhsil alması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili məqsədilə müasir standartlara cavab verən ümumtəhsil məktəbləri ilə yanaşı, körpələr evi-uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri, musiqi, idman və şahmat məktəbləri istifadəyə verilib. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların təhsilləri, sosial reabilitasiyaları, cəmiyyətə inteqrasiya edilməsi daim diqqətdə saxlanılır.
Naxçıvan şəhəri üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Məhəmməd Məmmədli çıxış edərək dövlətin təhsil sahəsinə göstərdiyi qayğını qazandığı uğurun təməli hesab edib, ona dəstək göstərən valideynlərinə təşəkkür edib.
Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzu ediblər.
Sonra 2022-2023-cü tədris ili ərzində uğur qazanan 15 şagird və Naxçıvan şəhəri üzrə 6 şəhid uşağı fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbirdə məktəbəqədər təhsil müəssisələrinin, uşaq, musiqi, incəsənət və bəstəkarlıq məktəblərinin, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnək üzvlərinin, “Əlvan çiçəklər” mahnı və rəqs qruplarının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının hazırladıqları müxtəlif mahnı və rəqs kompozisiyaları, eləcə də festival çərçivəsində müxtəlif idman növləri üzrə nümayişlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.