Naxçıvanda veteran futbolçuların yoldaşlıq görüşü keçirildi FOTOLAR
- 09 Noy 2019 20:03
- 1241
“Araz-Naxçıvan” və “Azərbaycan”ın veteran futbolçulardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.
“9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunan matç Muxtar Respublika Stadionunda baş tutub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri və eyni zamanda Naxçıvan MR Futbol Federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb, “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibətilə hər kəsi təbrik edərək onlara öz fikirlərini bölüşüb. Ölkəmizdə və eləcə də muxtar respublikada idmanın bütün sahələrinə olduğu kimi futbola da xüsusi önəm verildiyini bildirən Azad Cabbarov bölgədə futbolun yüksəlişi üçün dövlətimizin dəstəyi ilə məqsədyönlü addımlar atıldığını və bu sahədə səmərələri işlərin davam etdirildiyini diqqətə çatdırıb:
- “Uşaq futboluna daha çox yer ayıraraq gələcək üçün istedadlı oyunçu nəsli yetişdirməklə bərabər futbolun hər sahəsini əhatə edən plan və strategiyamız mövcuddur. Məqsədimiz birlik və bərabərlik içində futbolun inkişafına töhfə verməkdir.”
Veteran futboluları burada görməkdən çox məmnun olduğunu ifadə edən Azad Cabbarov onlara Azərbaycan futboluna qatdıqları dəyər və faydalı fəaliyyətlərinə görə minnətdarlıq edərək dostluq görüşündə uğurlar arzulayıb.
Daha sonra matça start verilib. İlk hissədə azarkeşlər maraqlı oyun izləsə də, hər iki tərəfin qol cəhdləri bəhrəsiz qalıb. İkinci hissədə hücumların kəsərini artıran futbolçularımız azarkeşləri sevindiriblər. Azərbaycan millisinin heyətində İlham Yadullayev ilk qolun müəllifi olub. Görüşün sonlarında “Araz-Naxçıvan”dan Yunis Məhərrəmovun vurduğu qol yekun nəticəni müəyyən edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.