Naxçıvanda kişi voleybolçular arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş muxtar respublika turnirinə start verilib.

Rekord.az xəbər verir ki, əvvəlcə iştirakçılar dahi şəxsiyyətin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Qonaqlara muzeyin ekspozisiyasında nümayiş etdirilən rəsmi sənədlər, fotoşəkillər, şəxsi əşyalar və yaradıcılıq nümunələri, həmçinin dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti ilə bağlı məlumatlar verilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin açılış mərasimi keçirilib. Dövlət Himnimiz səsləndirilib. Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış edib. Sonra turnirin görüşlərinə start verilib. İlk oyunda “Culfa” və “Şahbuz” komandaları bir-birinə rəqib olub. Görüş culfalıların 3:1 hesablı qələbəsi ilə tamamlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan turnirə Naxçıvan şəhəri və bölgələri təmsil edən kollektivlər olmaqla, ümumilikdə 8 komanda qatılıb. Sabah keçiriləcək final və üçüncülük matçları ilə mükafatçılar bəlli olacaq.