Naxçıvanda Zəfər Gününə həsr olunmuş kros qaçışı keçirilib
- 08 Noy 2023 11:21
- 289
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş kros qaçışı keçirilib.
Rekord.az xəbər verir ki, Əziz Əliyev küçəsindən başlayaraq Zəfər Parkınadək 5500 metrlik məsafəni əhatə edən kütləvi idman yarışında ictimaiyyət nümayəndələri, tələbələr, kursantlar, idmançılar və şəhər sakinləri olmaqla ümumilikdə 500-dən çox insan qatılıb.
Simvolik olaraq ilk 8 yerin sahibləri diplom, medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları Səlahiyyətli Nümayəndəliyin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, Gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov təqdim ediblər. Tədbirə fəxri qonaq qismində dəvət olunmuş Vətən müharibəsi iştirakçıları və şəhid övladlarına hədiyyələr təqdim olunub. Zəfər Günü münasibətilə hər kəsi təbrik edən şəhid Sahil Məmmədovun qızı Şəms atasının timsalında bütün Azərbaycan hərbçiləri ilə fəxr elədiyini deyib, günə özəl səsləndirdiyi şeir parçası ilə iştirakçılara duyğulu anlar yaşadıb.
Qeyd edək ki, oğlanlar arasında Əmrah Nağıyev, qızlarda isə Aysu Abbasova qalib olublar. Namiq Babayev, Cəlal Quliyev, Sevinc Əliyeva və Nilufər Quliyeva müvafiq ardıcıllıqla ilk üçlüyü tamamlayıblar.