Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksində tikinti işləri davam edir.

Rekord.az xəbər verir ki, avqust ayından etibarən Uzunoba gölünün ətrafındakı ərazidə tikintisinə başlanılan kompleksdə inşaat fasiləsiz icra olunur.

Federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini-futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir.

Eyni zamanda, tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddur.

Hazırda tikinti meydançasının müxtəlif hissələrində inşaat gedir. İnzibati bina və çimərlik futbolu stadionunda hörgü işləri tamamlandıqdan sonra hər iki tikilinin fasad və interyerinə suvaq çəkilib.

Üstüörtülü meydançanın əsasını təşkil edən metal konstruksiya quraşdırılması işi tam yekunlaşıb. Kompleksin ən böyük ərazisini əhatə edən süni örtüklü stadion və mini-futbol meydançası hasara alınıb, su-kanalizasiya xətləri çəkilib.

Uzunluğu 96, eni 47 metr olan oyun meydanına süni ot örtüyü çəkilib. Kompleks ərazisinin müəyyən hissələrində kilid daşlarının döşənməsi, asfalt örtüyünün çəkilməsi, boyama və digər işlər icra olunur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası inşaat işlərinin gedişinə nəzarət edir.

Tikinti işlərinin növbəti ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.