Naxçıvanlı atletlər yenidən diqqət mərkəzində
- 06 İyn 2023 12:30
- 355
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparıblar.
Atletlər uzunluğa tullanma, hündürlüyə tullanma, qaçış, maneəli qaçış, estafet qaçışı, nüvə itələmə, disk atma və nizəatma yarışlarında mübarizə aparıblar.
Naxçıvan Atletika Federasiyasının yarışa qatılan 5 idmançısından ikisi – istedadlı atletlərimiz Aysu Abbasova və Əmrah Nağıyev gözləntiləri doğruldaraq mükafatçılar sırasına düşməyi bacarıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Rekord.az-a verilən məlumata görə, Əmrah 1500 metr və 3000 metr məsafələr üzrə ikinci olub. Cəmi 14 yaşı olmasına baxmayaraq böyüklərlə mübarizədən çəkinməyən Aysu isə 1500 metr məsafədə üçüncü, 3000 metr məsafədə ikinci yerə sahib çıxıb. Nəticədə Naxçıvan təmsilçiləri yarışı ümumilikdə üç gümüş və bir bürünc medalla tamamlayıb.
Qeyd edək ki, 2023-cü ildə göstərdiyi nəticələr və gələcək perspektivləri nəzərə alınmaqla Aysu Abbasovaya (2 qızıl, 5 gümüş və 3 bürünc) və Onur Bayramova (1 gümüş) Azərbaycan Atletika Federasiyasının fərdi təqaüdü təyin olunub.