Nazim Süleymanov Rusiya çempionatının ən yaxşı bombardir-legionerlər sırasında mövqeyini qorumaqdadır.

Rekord.az xəbər verir ki, millimizin sabiq hücumçusu və kapitanı hələ də 1992-ci ildən keçirilən Rusiya milli çempionatında ən çox qol vuran əcnəbi oyunçuların ilk 10-luğundadır.

“Sport-ekspress” qəzetinin hesablamasına əsasən, o, Kevin Kuranyi (Almaniya) ilə birgə 50 qolla 9-10-cu yerləri bölüşdürür. Kuranyi 50 qolu 123, Süleymanov isə 150 matçda vurub.

Qeyd edək ki, buna qədər Süleymanov 9-cu yerdə idi. Rusiya Premyer Liqasının  son turunda “Zenit”in iranlı hücumçusu Sərdar Azmun “Ural”la matçda (7:1) 3 qol vurması sayəsində ilk onluğa düşüb və 52 qolla 8-ci yerə qalxıb. Bu səbəbdən N.Süleymanov  mövqeyini bir pillə itirib.

N.Süleymanov 50 qolu 1992-98-ci illər aralığında vurub (“Alaniya” və “Jemçujina” Soçi komandasında). O, son dəfə 1998-ci ildə, yəni 22 il əvvəl fərqlənsə də, TOP-10-da qalmağı bacarıb.

Bu siyahıya isə 85 qolla brazilyalı Vaqner Lav başçılıq edir.