Azərbaycan futbolunun tanınan simalarından olan Nazim Süleymanov Dmitri Nazarovla Eddi İsrafilovun Azərbaycan millisinin düşərgəsinə gəlməkdən imtina etməsinə münasibət bildirib.

Rekord.az-a açıqlamasında veteran futbolçu bunları deyib: "Mİlli komanda istənilən futbolçunun qürur yeri olmalıdır. Hər bir futbolçu üçün millidə oynamaq şərəf olmalıdır. Amma biz baxırıq ki, bəzi futbolçular milliyə gəlməkdən imtina edir. Əgər hansısa futbolçu millidən imtina edirsə, demək ki, bunun arxasında başqa səbəb var. Həmin futbolçular səbəb kimi koronavirusu göstərir. Halbuki Azərbaycanda durum nəzarətdədir və ölkəmiz dünya üzrə koronavirusa görə təhlükəli zona hesab edilmir. Yəni biz risk qrupunda deyilik. Belə olan halda milli üzvü niyə Azərbaycana gəlməsin? Düşünürəm ki, federasiya və məsul şəxslər buna görə cavab verməlidir. Bu işlərin üstündən elə-belə keçmək olmaz. Yadımdadır, bir dəfə obyektiv səbəbdən millinin düşərgəsinə gələ bilməmişdim. O vaxt AFFA rəhbərliyi mənimlə bağlı Rusiya Futbol İttifaqına müraciət etdi və məni Rusiya çempionatının iki oyununda diskvalivikasiya etdilər".