Nazim Süleymanov rusların rəmzi komandasında yer aldı
- 13 May 2020 16:00
- 642
Rusiyanın sportbox.ru saytı premyer-liqada oynamış legionerlərdən ibarət rəmzi yığmanı hazırlamaqda davam edir.
Rekord.az xəbər verir ki, bu dəfə Cənubi Qafqazdan olan futbolçulara yer verilib.
Gürcüstan, Ermənistan və Azərbaycandan ümumilikdə 160-dan çox futbolçu Rusiya premyer-liqasında çıxış edib. Futbolçularımızdan ikisi "11-ily"ə düşüb ki, hər ikisi yığmamızın üzvü olub. Söhbət yarımmüdafiəçi Narvik Sırxayevlə hücumçu Nazim Süleymanovdan gedir. Karyerasının ən yaxşı dövrünü "Lokomotiv"də keçirən Sırxayev “uğurlu "dəmiryolçu" adlandırılıb: "Orta sahədə cinahlarda erməni Araz Ozbilislə azərbaycanlı Narvik Sırxayevdi. Hər ikisi cəld, texnikalıdı, mərkəzə effektli hərəkət edərək, hücumu dəqiq zərbəylə bitirmək bacarığına malikdi. Hər ikisinin yığmada ciddi çıxış təcrübəsi var: Arazın hesabında 41 oyun (6 qol), Narvikdə 17 matç (1 qol) var. Narvikin mükafatlarla bağlı daha çox bəxti gətirib: 2002-ci ildə "Lokomotiv"lə Rusiya çempionu olub, növbəti il isə ölkə superkubokunun qalibi. Sırxayev 2016-cı ilin iyuluna qədər "Anji"nin idman direktoru postunu tuturdu. Bundan sonra ailəsinə və peşəkar idmana bağlı olmayan işlərinə kökləndi. Martda 46 yaşı tamam oldu. Onun A lisenziyası var".
Həmkarlarımız Nazim Süleymanova belə qiymət verib: "Nazim Süleymanova da Rusiya çempionu olmaq nəsib olub - 1995-ci ildə "Alaniya" ilə. Düzdü, bundan cəmi 1 il sonra komandanı tərk etməyə məcbur olub. Deyirlər ki, həmin vaxt vladiqafqazlıları çalışdıran Valeri Qazzayev "Spartak"la "qızıl oyun"dakı həlledici epizodda qol vura bilməməyini ona bağışlamayıb. Nazim meydanda böyük hiyləgər idi, standart olmayan qərarlar verirdi, incə qol hissiyyatı vardı. "Alaniya"nın heyətində Rusiya çempionatlarında hesabında 60 qol var, üstəlik, Azərbaycan millisində 24 matçda 5 qol. Süleymanovun 55 yaşı var, bir vaxt məşqçi işləyirdi, hətta milli komandanın məqşçisi səviyyəsinə kimi yüksəlib. İndi isə ölkədə futbolda ilk həmkarlar ittifaqının sədridi".
Rəmzi yığmaya düşməyə layiq olan futbolçular arasında hər mövqedə namizədlərimiz də var: qapıda Dmitri Kramarenko ilə Aleksandr Jidkov, müdafiədə Deni Qaysumov, yarımmüdafiədə Emin Mahmudov, hücumda Vəli Qasımov.