Biliyiniz kimi, azərbaycanlı tanınmış iş adamı Mübariz Mənsimov Türkiyədə polis tərəfindən saxlanılıb və haqqında həbs qərarı verilib. Bir çox insan isə bu durumda Mənsimova dəstək nümayiş etdirib. İstər Türkiyədə, istərsə də Azərbaycanda. Həmin şəxslər arasında cəmiyyətin sayılıb-seçilən şəxsləri də var. Azərbaycanın tanınmış futbol veteranı, Azərbaycan millisinin sabiq kapitanı, Rusiya çempionu, Şimali Osetiyanın şöhrət ordeninə layiq görülmüş Nazim Süleymanov da həmyerlimizə dəstəyini nümayiş etdirib.

Rekord.az-a açıqlamasında Nazim bəy bunları deyib: "Mən siyasətçi deyiləm və heç vaxt da siyasətlə məşğul olmamışam. Mən futbol adamıyam. İndiki durumda da idmanı, futbolu təmsil edən biri kimi fikrimi bildirmək istəyirəm. Bu, həm də bir vətəndaş mövqeyidir. Mübariz Mənsimov Azərbaycanın layiqli övladlarından biridir. Özünüz də görürsünüz, nə qədər insan ona öz dəstəyini nümayiş etdirir. Çünki Mübariz bəy ancaq xeyirxah işlərlə məşğul olub, nə qədər kasıb, imkansız insanlara, tələbələrə yardım edib. Mən onu müasir dövrümüzün Hacı Zeynalabdin Tağıyevi adlandırardım. Həmçinin onun Azərbaycan futboluna da böyük dəstəyi olub. Bildiyiniz kimi, 2004-cü ildə "Xəzər Lənkəran" yarananda o komandanın ilk baş məşqçisi mən olmuşam. Həmin dönəmlərdə o komandanın yaranması Cənub bölgəmizdə futbolun inkişafına necə böyük töhvə verdi. O zona demək olar ki, futbolla nəfəs alırdı. "Neftçi" ilə keçirilən "Böyük oyun"ları yada salmaq kifayət edir. Lənkəranda tikilən müasir stadion da Azərbaycan futbolu üçün böyük hədiyyə idi. Düzdür, son zamanlar mənim Mübariz bəylə əlaqəm, ünsiyyətim yoxdur. Amma bir azərbaycanlı kimi, ona dəstək olmağı özümə borc bildim. İnanıram ki, ən qısa zamanda onun günahsızlığı isbat olunacaq və Mübariz bəy yenidən xeyirxah işlərinin başına keçəcək".