Nazir AVF-nin tədbirində iştirak edib
- 27 Dek 2023 21:54
- 263
Bu gün keçirilən Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı və millimizin yeni baş məşqçisinin təqdimat mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. "Rekord.az" xəbər verir ki, nazir bu ilin ümumilikdə ölkə idmanı üçün uğurlu olduğunu bildirib. O, bir neçə gün əvvəl Xankəndidə futbol üzrə Azərbaycan kuboku çərçivəsində “Qarabağ” – MOİK qarşılaşmasının keçirilməsinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin oyunu Xankəndi stadionunda canlı izləməsinin ilin ən əlamətdar hadisələrindən biri olduğunu qeyd edib.
F.Qayıbov voleybolun ölkəmizdə çox sevilən idman növlərindən olduğunu söyləyib. Nazir bu il federasiya rəhbərliyinə edilən dəyişiklikdən sonra qısa müddətdə çoxlu işlər görüldüyünü vurğulayıb. O, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunan Faiq Qarayevi təbrik edib. Bildirib ki, F.Qarayev hər kəsə yaxşı tanış olan təcrübəli mütəxəssisdir. Onun rəhbərliyi ilə Azərbaycan yığması bir sıra mühüm qələbələr əldə edib. O, millimizin bundan sonra da böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib, Faiq Qarayevə və voleybolçulara qarşıdakı yarışlarda uğurlar arzulayıb.