Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
- 31 May 2023 23:46
- 352
Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, ənənəvi yığıncaq bu dəfə Milli Gimnastika Arenasında təşkil edilib. Əvvəlcə tədbir iştirakçıları Dövlət Himnini birlikdə ifa ediblər.
Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. F. Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ardınca onlar idman tarixi mövzusunda nazirin suallarını cavablandırıblar.
Tədbirdə ağır atletika, bodibildinq, boks, bədii gimnastika, cüdo, kamandan oxatma, karate, idman gimnastikası, kikboksinq, qrapplinq, para-pauerliftinq, para-atıcılıq, para-üzgüçülük, para-atletika, pankration, taekvondo, savat, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis yarışlarında medal qazanmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.