Nazirlikdən federasiya rəsmisinin iradına münasibət: “Onun fikirləri məlumatsızlıqdandır”
- 16 İyn 2022 13:43
- 531
Gənclər və İdman Nazirliyi Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi Hafiz Verdiyevin Oxu.az saytına verdiyi açıqlama ilə bağlı mövqeyini bildirib.
Rekord.az xəbər verir ki, nazirlik oxu.zz-ın sorğusuna cavab olaraq federasiya rəsmisinin iradının düzgün olmadığını vurğulayıb:
“10 iyun tarixli müsahibəsində səslənən fikirlərlə bağlı Azərbaycan Pauerliftinq Federasiyanın baş katibi Hafiz Verdiyevlə nazirliyin İdman Şöbəsində görüş keçirilib. Görüş zamanı H.Verdiyevə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də Gənclər və İdman Nazirliyinin əsasnaməsinin müvafiq maddə və bəndləri barədə məlumat verilib.
Həmin bəndlərə əsasən, idman federasiyalarının beynəlxalq federasiyalara üzvlük haqqı ödəməsi, eyni zamanda idmançılara və məşqçilərə əməkhaqqı verilməsi üçün nazirliyin dövlət büdcəsindən maliyyə vəsaiti ayırmaq öhdəliyi yoxdur.
Müzakirələr zamanı Hafiz Verdiyevin müsahibədə səslənən fikirlərinin qeyd edilən rəsmi sənədlərdə əks olunan öhdəliklər barədə məlumatsızlıqdan meydana gəldiyi məlum olub”.
Xatırladaq ki, Hafiz Verdiyev saytımıza müsahibəsində Beynəlxalq Pauerliftinq Federasiyasına üzv olmaq üçün maliyyə vəsaitlərinin olmadığını və bunun üçün dəfələrlə Gənclər və İdman Nazirliyinə müraciət olunduğunu bildirmişdi. Lakin onun sözlərinə görə, fevral ayındakı müraciət məktubuna nazirlik cavab verməmişdi.