Azərbaycan Premyer Liqasının 6-cı turunda “Neftçi” səfərdə “Zirə”yə 2 cavabsız qolla məğlub olub.

Rekord.az xəbər verir ki, bu nəticə “ağ-qaralar”ın azarkeşlərini qəzəbləndirib.

6 turdan sonra qələbə qazana bilməyən paytaxt təmsilçisi 4 xalla doqquzuncu sıradadır. Bu da fanatların həyəcan təbili çalmasına səbəb olub.

Uğursuz nəticələrdən bezən bir qrup azarkeş sosial şəbəkələrdə ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar:

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına!

Hörmətli Prezidentimiz, biz “Neftçi” PFK-nın azarkeşləri olaraq, klubumuzun çox acınacaqlı durumu ilə əlaqədar Sizə müraciət edirik. 100 minlərlə azarkeşin sevimli komandası, Azərbaycan futbolunun mayakı olan, xalqın komandası sayılan “Neftçi” klubu qeyri-peşəkar, futbolla heç bir əlaqəsi olmayan şəxslər tərəfindən idarə olunduğu üçün rəzalət içərisindədir. Klubda bir nəfər də olsun savadlı, futbolun incəliklərini dərindən bilən yerli futbol funksioner yoxdur. Bunlar azmış kimi, idman direktoru vəzifəsinə bir ilinə 1 milyon xarici valyuta ilə maaş ödənilən isveçlinin təyin edilməsi ilə klubdan yerli, istedadlı gənc futbolcularımızın uzaqlaşdırılması siyasəti aparılır.

Son iki ildə rəhbərliklə bərabər, idman direktoru, seleksiya işlərini həyata keçirən şəxslər br il ərzində 15-16 nəfər əcnəbi futbolçunu böyük məbləğ qarşılığında komandaya gətirir, onlarla 2-3-4 illik müqavillələr imzalanır, 6 ay keçəndən sonra müəyyən təzminatlar qarşılıgında sözləşmələrinə xitam verilir. “Neftçi adına layiq olmayan səviyyəsiz futbolçular cəlb edilərək, dovlətimizin büdcəsinə ziyan vurulur.

“Neftçi” klubu xalq komandası olaraq, daima dövlət budcəsindən maliyyələşir. Sponsor Dövlət Neft Sirkəti olduğuna görə klubumiz həm də dövlətimizin komandası hesab edilir. Bu klub həm də minlərlə neft sənayesində gecə-gündüz çalışan qəhraman neftçilərin komandasıdır. Sevimli “Neftçi”mız müstəqililik dönəmində – 2012 ci-ildə UEFA Avropa liqasının qrup mərhələsinə vəsiqə əldə edən ilk Azərbaycan klubu olub. 2010-2015 ci-illər ərzində “Neftçi” qazanılmış 3 cempionluq, 2 ölkə kubokunu da yerli futbol funksionerlərin rəhbərliyi altında əldə edib.

Hörmərli Prezident! “Neftçi” tarixi boyu bütün uğurlarını yerli futbol funksionerlərin və yerli baş məşqçilərin rəhbərliyi altında qazanıb. Ancaq son 1,5 ildə klubda 4 əcnəbi məşqçi çalışib. Hər birinin uzun müddətli müqavilələri olmalarına rəğmən, anlaşmanalara təzminatlar qarşılığında vaxtından əvvəl xitam verilərək yola salınıblar.

Bu gün də “Neftçi”ni ukraynalı əcnəbi məşqçi çalışdırır. Bu məşqçinin də işi nəticəsində doğma “Neftci”miz, tarixini ən qara günlərini yaşayır və 6 oyundan sonra turnir cədvəlində, 10 klublu çempionatda  9-cu sıradadır və autsayderdir. Məşqçilər “əlcək kimi” dəyişdirilir. Edilən əcnəbi transferlər klubun strategiyasına, fəlsəfəsinə uyğun gəlməyən zəif və karyeralarının sonlarına doğru gedən yaşlı futbolculardan ibarətdir. Bunun da müqabilində xarici valyuta ilə milyonlar havaya sovurulur.

Bütün bunların səbəbi isə klub rəhbərliyində və Müşahidə Surasında futboldan anlayışı olmayan şəxslərin yer almasıdır. Ölkəmizin ən strateji əhəmiyyətli Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən və 20-30 milyon manat arasında büdcəyə malik olan, yüz minlərlə insanın sevimlisi olan “Neftçi” komandası bərbad idarəçiliyə görə acinacaqlı duruma düşüb. Ölkə çempionatının yüksək liqasını tərk etmək qaçılmaz bir vəziyyətə gəlib. Klub rəhbərliyində Azərbaycan futbolunun mentalitetini bilən, ona bələd olan yerli futbol mütəxəssislərimizin olmaması biz azarkeşləri, eləcə də futbol ictimaiyyətini çox üzür.

Möhtərəm Ali Baş Komandan, hər bir Azərbaycan vətəndaşının Prezidenti, sevimli İlham Əliyev, biz “Neftçi” azarkeşlərinin yeganə ümidi Sizsiniz. Azərbaycan futbolunun tarixi klubunun rəzalətdən, uçurumdan qurtarılması naminə, biz azarkeşlərin Sizin köməyinizə böyük ehtiyacı var. Ümid edirik ki, müraciətimiz diqqətsiz qalmayacaq və Sizin sayənizdə “Neftçi” peşəkarcasına idarə edilərək, layiq olduğu yerlərə qayıdacaq. Var olasınız! Allah Sizi qorusun!

Elxan Xəlilov, Ramin Həmidzadə, Tofiq Mustafayev, Səbuhi Qasım, Fazil Dadaşov, Ədalət Məmmədli, Elnur Quliyev, Fərid Zeynalov və digərləri”.