"Neftçi" azarkeşlərinə məxsus "Facebook" səhifəsi - Neftchi Baku (Fan Page) bakılıların tərəfdarlarına səslənib.

Rekord.az sdorğunu olduğu kimi təqdim edir:

"Hazırda komandamızın idman direktoru vəzifəsi boşdur. Yarıtmaz Ceyhun Sultanovdan sonra bu posta kimi namizəd görərdiniz? Ürəyimdən Tahir Süleymanov demək keçir, amma..."

Gördüyünüz kimi, adminin özü də namizədinin adını çəkib. Özü də "amma" ilə... Tərəfdarların klubun ən uğurlu dönəminin vitse-prezidenti Tahir Süleymanovu o postda görmək istəməsi təbii qarşılanmalıdır. Hərçənd onu idman direktoru yox, prezident vəzifəsinə layiq olduğuna eyham vuranların da sayı yetərincə çoxdur. Süleymanovun klub idarəçisi qismində fəaliyyət göstərdiyi vaxtlarda çempionluqların sevincini ard-arda yaşayan, Avroliqanın qrupunda çıxış edən komandaya fanatlıq etmək arzusuna qovuşanları başa düşmək çox asandır. Elə "Süleymanov işbilməzlərlə işləməyə razılaşmaz" söyləyənləri də...

Sabiq idman direktorunun əvvəlki işinə qaytarılmasını uyğun sayanlar da var, namizədinin Səbuhi Səfiyarlı olduğunu vurğulayanlar da... Daha radikal mövqedə duraraq "gedək, klubun ofisinə haqqımızı tələb edək" təklifiylə fərqli çözüm arayanların əsəblərinin tarıma çəkildiyi də göz önündədir.