Mikayıl İsmayılovun iyulda SOCAR-ın vitse-prezidenti postundan uzaqlaşdırılmasından sonra “Neftçi”nin yeni kuratorunun kimliyi böyük maraq doğururdu.

Rekord.az xəbər verir ki, son günlərə kimi kluba nəzarət müvəqqəti olaraq Cəbrayıl Cəbrayılova tapşırılmışdı.

1 iyun 2012-ci ildən SOCAR-ın vitse-prezidentinin müavini vəzifəsində çalışan Cəbrayılov 31 mart 2015-ci ildən "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvüdür.

Artıq o da burada əsas söz sahibi deyil. Paytaxt klubu ilə əlaqəli məsələlər neft şirkətinin Müşahidə Şurasının verəcəyi qərarlar əsasında həll olunacaq.
Burada isə yeni vitse-prezident Kənan Təhməz oğlu Nəcəfov “Neftçi”nin təqdimatından və mövqeyindən çox şey asılıdır. Çünki M.İsmayılovun səlahiyyətləri ona keçib.

K. Nəcəfov 1975-ci ildə Bakıda anadan olub. BDU-nun Beynəlxalq hüquq fakültəsini məzunudur. Daha sonra ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub,

1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib.

2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

O, xarici ölkələrdə tanınmış beynəlxalq şirkətlərin menecmentində, o cümlədən “Baker Botts LLP” hüquq firmasında, “BP”, “Exane BNP Paribas”, “Citigroup” şirkətlərində işləyib.

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.

2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb.

2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.