Dünən  "Neftçi"nin əfsanəvi futbolçularından olan Asəf Namazovun 70 yaşı tamam olur. 

Rekord.az xəbər verir ki, Namazov 1952-ci ildə Bakıda anadan olub.

Ampluaca müdafiəçi olan Namazov 18 yaşından ustalardan ibarət "Neftçi"yə cəlb olunub. 1973-83-cü illərdə "ağ qaralar"ın şərəfini qoruyub (1981-ci ildə qısa müddətli "Kuban" karyerası da olub). "Neftçi"nin heyətində 226 oyunda meydançaya çıxıb və 6 qola imza atıb. Bir dönəm komandanın kapitan sarğısını daşıyıb, 70-ci illərdə paytaxt klubunun əvəzedilməz futbolçularından olub. 1972-ci ildə SSRİ-nin yüksək liqasını tərk edən komandanı 1976-cı ildə yenidən ittifaqın elitasına qaytaran heyətin ən aparıcı üzvü olub. Futbolçu kimi qazandığı uğurların nəticəsi olaraq, 1977-ci ildə idman ustası adına layiq görülür. 1983-cü ildə futbolçu karyerasını başa vuran Namazov 1998-99-cu illərdə "Şəmkir"in, 2000-ci ildə isə "Neftçi"nin baş məşqçisi kimi çalışıb. Təəssüf ki, Azərbaycan futbolundakı problemləri, AFFA rəhbərliyinin yarıtmaz fəaliyyətini zaman-zaman dilə gətirdiyi üçün uzun müddətdir işsiz qalıb. Hər halda, yubiley günündə Asəf bəyi təbrik edirik və ümid edirik ki, onu ən qısa zamanda yenidən iş başında görəcəyik.