"Neftçi” haqda ŞOK ittihamlar! Fərqli banklar, ofşor hesablar, 15 dəfəyə ödəniş
- 11 Yan 2020 14:00
- 1212
“Neftçi”nin sabiq futbolçusu Emil Mpenza paytaxt klubunda oynadığı vaxtda aldığı maaşın qəribə ödəniş üsulunun üstü açılıb.
Rekord.az xəbər verir ki, belçikalı futbolçu bu barədə ölkəsinin “Nieuwsblad” nəşrinə açıqlamasında məlumat verib.
Mpenza bildirib ki, “Neftçi”də oynadığı dönəmdə, yəni 2010-cu ilin avqustundan 2011-ci ilin dekabr ayına qədər "ağ-qaralar"dan bütövlükdə 416 575 ABŞ dolları alıb.
Bu məbləğ ona 15 dəfəyə ödənilib. Ən qəribəsi isə Mpenzanın həmin vəsaiti aldığı hesablar və bankların Azərbaycana yox, fərqli ölkələrə aid olmasıdı.
Məsələ burasındadı ki, Emilə ödənilən məbləğ Litvaya aid “Ukio Bankas”dan gəlib. Hansı ki, hazırda həmin bank çirkli pulların yuyulması ilə əlaqədar araşdırmalara cəlb olunub.
Elə bu pulu göndərən şirkət də oxşar məsələlərdə ittiham olunur. Söhbət İngiltərənin “Essencorp LLP” şirkətindən gedir. “Essencorp LLP” şirkətinin Belizdə iki ofşor hesabının olduğu da qeyd olunub.
Mpenzanın araşdırmalara cəlb olunub-olunmayacağı bilinmir. Futbolçunun sözlərinə görə, həmin dövrdə onun daha iki komanda yoldaşına ödənişlər Böyük Britaniya və Litva bankları, şirkətləri vasitəsilə edilib.
Maraqlıdı ki, “Neftçi” tərəfi də bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Klubdan bildirilib ki, indiyə qədər heç bir futbolçuya başqa bir şirkət tərəfindən ödəniş olunmayıb. Paytaxt təmsilçisindən “Essencorp LLP” şirkəti barədə də məlumatsız olduqları vurğulanıb.
2010-cu ilin yayında İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunan Mpenza Azərbaycandan gedəndən sonra da “ağ-qaralar”la böyük problemlər yaşayıb. O, 2012-ci ilin yanvarında flaqmanın düşərgəsindən ayrılıb.
Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib.
2012-ci il martın 13-də “Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Mpenza da öz növbəsində FİFA qarşısında əks-iddia qaldıraraq, klubdan təzminat tələb edib.
3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq, 2015-ci il yanvarın 21-də FİFA futbolçunun şikayətinə baxaraq, onun xeyrinə qərar çıxarıb.
Bu qərarla əlaqədar iyulun 15-də “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) Apellyasiya müraciəti ünvanlayib. CAS Mpenza barəsində FİFA-nın çıxardığı qərarı qüvvədə saxlayıb.
Belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edib. Bu məbləğ 5 hissəyə bölünüb və 2016-cı ilin sonunadək müvafiq hesaba köçürülüb. (matc.az)