“Neftçi” ilə “Old Spice” arasında tərəfdaşlıq müqaviləsi imzalandı
- 15 Okt 2021 17:15
- 602
“Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən markalar arasına daha biri daxil olub.
Rekord.az xəbər verir ki, klubla “Old Spice” brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bir il ərzində qüvvədə olacaq müqavilə birgə reklam və marketinq fəaliyyətlərini nəzərdə tutur. Bu müddətdə klubun əsas komandasının ev oyunlarının keçirildiyi stadionda brendin marketinq aksiyaları, hər oyun zamanı, həmçinin məşqlərdə meydançanın kənarında brend reklamı, brend fəaliyyətlərində birgə iştirak, “Neftçi” futbolçularının “Old Spice” reklamlarında iştirakı, sosial media səhifələrində və kluba məxsus “Neftçi TV”də tanıtım planlaşdırılıb.
İmzalama mərasimində çıxış edən “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev dünyada baş verən son hadisələrin – COVİD-2019 pandemiyasının futbol sənayesindən də yan keçmədiyini vurğulayıb:
“Bu bir daha öz təsdiqini tapdı ki, klubların yaşaması və fəaliyyətini genişləndirməsi üçün güclü dayağa və dəstəyə ehtiyac var. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. Sevindirici haldır ki, bu gün onların arasına daha biri daxil oldu. Fürsətdən istifadə edib onlara “xoş gəldiniz” deyirəm və şirkət rəhbərliyinə təşəkkürümü çatdırıram. “Procter&Gamble” bu gün məhsulları ilə dünyada, deyərdim ki, hər bir ailənin evində özünə yer edib. Onun “Old Spice” brendi Azərbaycan bazarında kişilərin istifadə elədiyi ən öndə gələn gigiyena markasıdır. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək”.
“İnsanların səhhətinə diqqətin yüksəldiyi zamanda sağlam nəsillər yetişdirməyin vacibliyini bir daha dərk edirik. Azərbaycanda, demək olar ki, hər evdə 1 məhsulu olan, geniş marketinq və reklam fəaliyyətləri həyata keçirən “Procter&Gamble” futbola dəstək verməklə bu idman növünə gənclər arasında marağın artmasına çalışır”. “Procter&Gamble” şirkətinin Qafqaz və Orta Asiya ölkələri üzrə baş direktoru Değer Kurtaslanoğlu imzalanma mərasimində belə deyib.
“Neftçi” Azərbaycanın tarixi komandasıdır və özü bir brenddir. Böyük azarkeş kütləsinə malikdir və bu da bizə mesajımızı kifayət qədər geniş auditoriyaya çatdırmağa imkan verə biləcək. Biz yüz minlərlə insanın sevimlisi olan futbolçuları öz istehlakçılarımıza daha yaxın edəcəyik. Tərəfdaşlıq üçün “Old Spice” brendini seçməyimizə səbəb isə bu brendin məhsullarının xüsusilə fiziki cəhətdən aktiv kişilərin gigiyenası üçün nəzərdə tutulmasıdır. Bu məhsulların özəlliyini göstərmək üçün bir futbol komandasından daha yaxşı hansı seçim nə ola bilərdi ki?!” – deyə, “Procter&Gamble” rəsmisi əlavə edib.
İmzalanma mərasimindən sonra tərəfdaşlar “Neftçi” PFK-nın əsas ev oyunlarının keçirildiyi stadionu müşahidə ediblər.
“Procter&Gamble” öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®️, Tide®️, Ariel®️, Head & Shoulders®️, Always®️, Pantene®️, Fairy®️, Blend-a-med®️, Oral-B®️, Gillette®️, Safeguard®️ kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.