“Neftçi” ilə oyun bizim üçün həlledicidir”
- 17 Apr 2024 14:46
- 291
“Neftçi” ilə oyun bizim üçün həlledicidir”.
Rekord.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya basketbol üzrə Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə keçiriləcək oyun barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Hər iki komanda üçün önəmli oyundur, çünki yarımfinaldır. Üç gün sonra da final görüşü olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələn edəcəyik. Kuboka görə hazırlaşdıq, burada olan limitə uyğun məşq etdik”.
Evren Alkaya rəqibi təhlil etdiklərini söyləyib: “Neftçi”nin bütün hücum və müdafiə planına diqqət etdik, ona görə hazırlıq keçdik. Rəqib güclü məşqçi heyətinə sahibdir, yaxşı yerli oyunçuları var. Biz də öz gücümüzə görə mübarizə aparacağıq. Düşünürəm ki, sona qədər ən yaxşısını etməyə çalışmalıyıq. Azərbaycan basketbolu bu oyundan qazansın. Azarkeşlər üçün yaxşı matç olacağına ümid edirik”.
Qeyd edək ki, bu gün “Sərhədçi” İdman Mərkəzində keçiriləcək “Neftçi” – “Sərhədçi” oyunu saat 19:30-da başlayacaq.