Premyer-liqada çempionluq uğrunda mübarizəni davam etdirən “Neftçi” rəhbərliyi indidən yeni mövsümün hazırlığına başlayıb.

 

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi heyəti gücləndirmək üçün çalışmalara start verib.

 

Samir Abasovun rəhbərlik etdiyi komanda çempionatda çıxış edən iki futbolçunu gözaltı edib.


Redaksiyamıza daxil olan məlumata görə, təcrübəli mütəxəssis “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin və “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadənin xidmətində maraqlıdı. Flaqman rəsmiləri mövsümün bitməməsinə baxmayaraq, hər iki futbolçu ilə təmasa keçib. Mənbənin iddiasına görə, həm paraqvaylı yarımmüdafiəçi, həm də milli komandamızın üzvü ilə ilkin razılıq əldə olunub. Hər iki futbolçunun “Neftçi”yə keçidi real görünür. Çünki həm Meza Kollinin, həm də Xəlilzadənin yayda klubları ilə olan müqavilələrinin müddəti başa çatır. “Ağ-qaralar”ın rəhbərliyi bundan istifadə edərək onları transfer etmək istəyir. Meza Kolli ilə Xəlilzadəyə hazırkı klublarında aldıqları maaşdan daha artığını təklif edərək, onları razı salmaq niyyətindədilər. ("Futbol plus")